×
A
A
A
Sazlamalar

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Gəncə, 5 noyabr, AZƏRTAC

Vətən müharibəsi yalnız döyüş meydanında vuruşanların deyil, yaralıların həyatını xilas etmək üçün gecə-gündüz çalışan tibb işçilərinin də yaddaşında silinməz izlər buraxıb. Həmin günlərdə xəstəxanalarda hər kəs Vətən uğrunda yaralanan əsgərləri həyata qaytarmaq üçün səfərbər olub.
1989-cu ildən tibb bacısı kimi fəaliyyət göstərən Mirvari Vəliyeva bu yolu hələ Birinci Qarabağ müharibəsi illərində keçib. 1989–2003-cü illərdə hərbi hissədə baş tibb bacısı vəzifəsində çalışıb, müharibənin ağrı-acısını yaxından yaşayıb. Hazırda Gəncədəki Abbas Səhhət adına Xəstəxananın Travmatologiya şöbəsində çalışan Mirvari Vəliyeva 44 günlük Vətən müharibəsində də yaralı hərbçilərin müalicəsində iştirak edib.
O, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində həmin günləri xatırlayarkən deyir ki, müharibə başlayanda xəstəxana yaralıların qəbuluna hazır vəziyyətə gətirilmişdi. Mülki xəstələrin təxliyəsindən sonra bütün tibbi heyət Vətən uğrunda döyüşlərdə yaralanan əsgərlərə yardım göstərmək üçün səfərbər olunub.
“Həmin günlərdə iş saatı, növbə anlayışı yox idi. Həkimlər, tibb bacıları, xadimələr, bir sözlə, hər kəs gecə-gündüz, fasiləsiz çalışırdı. Bəzən bir-iki saatlıq vaxt tapıb evə gedir, yenidən xəstəxanaya qayıdırdılar. Hamımız bir nəfər kimi səfərbər olmuşduq. Yaralılarımıza ilkin tibbi yardım göstərir, əlimizdən gələn hər şeyi etməyə çalışırdıq. Onların əksəriyyəti gənc əsgərlər idi. Yaralıları ağır vəziyyətdə görmək bizə çox təsir edirdi. Bəzən qırağa çəkilib ağlayırdıq. Amma onların qarşısına çıxanda göz yaşlarımızı gizlədir, gülərüzlə təsəlli verməyə çalışırdıq. Deyirdik ki, narahat olmayın, bala, yaxşı olacaqsınız. İstəmirdik ki, əsgərlər bizim kədərimizi görsünlər”, – deyə Mirvari Vəliyeva xatırlayır.
Tibb bacısının yaddaşında dərin iz qoyan yaralılardan biri Ramil adlı əsgər olub. Yuxarı və aşağı ətraflarından ağır travmalar alan, əməliyyat keçirən bu gəncin ağrıya dözümü Mirvari Vəliyevanı heyrətləndirib. Sarğı zamanı belə ağrısını büruzə verməməyə çalışan Ramilin dözümlülüyünü hələ də unutmur. Sonradan sağalaraq onu ziyarətə gəlməsi isə tibb bacısı üçün unudulmaz görüşlərdən birinə çevrilib.
Elməddin adlı ağır yaralı əsgər, eləcə də Şəkidən olan, hər iki aşağı ətrafı amputasiya edilən gənc döyüşçü də onun xatirəsində yaşayır. Mirvari Vəliyeva deyir ki, yaralıların arasında sağalan kimi yenidən döyüşə qayıtmaq istəyənlər az deyildi. Hətta tam sağalmadan könüllü şəkildə cəbhəyə dönən, orada yenidən yaralanaraq xəstəxanaya gətirilən əsgərlər də olub.
O, bütün bunları xatırlayarkən keçirdiyi hissləri qürurla ifadə edir. Düşünür ki, həmin günlərdə yaralı əsgərlərin yanında olmaq, onların ağrılarını azaltmaq üçün əlindən gələni etmək Vətənə xidmətin bir forması idi.
“Fəxr edirəm ki, əsgərlərimizə, yaralılarımıza canla-başla qulluq etmişəm. Bəlkə də kiçik bir köməyim olub, amma bu gün həmin günləri böyük qürurla xatırlayıram. Şəhidlərimizin qarşısında baş əyir, onların ailələrinə səbir, qazilərimizə cansağlığı arzulayıram”, – deyə Mirvari Vəliyeva bildirib.

Müxbir - Elcan Məmmədov

Regionlar 2026-11-05 11:30:00