


Səudiyyə Ərəbistanı və Suriya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
Bakı, 5 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı və Suriya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” agentliyi məlumat yayıb. Sənəd Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd Əl Şaraanın dünən Ər-Riyadda keçirdikləri danışıqların yekununda imzalanıb.
Görüşdə tərəflər regionda baş verən son hadisələri, mümkün hərbi eskalasiyanın regional və beynəlxalq təhlükəsizlik və sabitliyə, beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə, enerji təchizatının davamlılığına və qlobal iqtisadi sabitliyə yarada biləcəyi ciddi təhdidləri müzakirə ediblər.
Məhəmməd bin Salman və Əhməd Əl Şaraa qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə mövqelərin və baxışların əksər hallarda üst-üstə düşdüyünü vurğulayıb, bunun iki ölkə arasında mövcud koordinasiya və məsləhətləşmələrin dərinliyini əks etdirdiyini bildiriblər.
Liderlər gərginliyin azaldılması, böhranların qarşısının alınması, fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həlli istiqamətində regional və beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Tərəflər, həmçinin Qırmızı dənizdə, Bab əl-Məndəb və Hörmüz boğazlarında dəniz gəmiçiliyinin və su yollarının təhlükəsizliyinə təhdid yaradan bütün fəaliyyətlərin dərhal dayandırılmasının zəruriliyini vurğulayıblar.