×
A
A
A
Sazlamalar

Özbəkistan Prezidenti iqtisadi sektorlarda dronlardan istifadəni genişləndirməyi tapşırıb

Bakı, 5 noyabr, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqtisadi sektorlarda pilotsuz uçuş sistemlərinin istifadəsinin genişləndirilməsi və bu sahənin sadələşdirilməsi ilə bağlı təqdimatı nəzərdən keçirib.
AZƏRTAC UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə pilotsuz uçuş texnologiyalarının dünya miqyasında sürətlə inkişaf etdiyi, kənd təsərrüfatı, sənaye, nəqliyyat, şəhərsalma, xidmət və bir çox digər sektorlarda geniş tətbiq olunduğu bildirilib. Dronların istifadəsi istehsalın səmərəliliyinin artırılmasında, xərclərin azaldılmasında, resurslara qənaət edilməsində və yeni iş yerlərinin yaradılmasında əsas amilə çevrilir.
Özbəkistan Prezidenti vurğulayıb ki, bu texnologiyaların istifadəsi mövcud imkanları genişləndirəcək: kənd təsərrüfatında dronlar əkin sahələrini müşahidə etməyə, becərmə prosesinə və məhsuldarlığı izləməyə kömək edir. Sənayedə dronlar vasitəsilə istehsal proseslərinin və infrastrukturun vəziyyətini idarə etmək, şəhərlərdə isə nəqliyyat axınlarını izləmək, operativ tədbirləri müəyyənləşdirmək mümkündür.
Qeyd olunub ki, yeni tədris ilindən etibarən Nəqliyyat Universitetində pilotsuz uçuş sistemləri üzrə mütəxəssislərin hazırlanmasına başlamaq, təlimi praktik təcrübə ilə əlaqələndirmək və gənclərin müasir aviasiya texnologiyalarına marağını dəstəkləmək planları üzərində iş gedir.
Dövlət başçısı məsul şəxslərə iqtisadi sektorlarda pilotsuz uçuş sistemlərinin istifadəsini genişləndirməyi, onların yerli istehsalının inkişaf etdirilməsi və sahibkarlar üçün əlverişli şərait yaradılması məqsədilə beynəlxalq ən yaxşı təcrübələrə əsaslanan qanunvericilik təkmilləşdirmələri üçün təkliflər hazırlamağı tapşırıb.

Dünya 2026-11-05 10:36:00