


Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nəyə diqqət yetirməliyik?
Bakı, 5 noyabr, AZƏRTAC
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir.
Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir:
- tanış olmayan və şübhəli olan göbələklərin yığılması;
- qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi;
- aşağıkeyfiyyətli qablaşdırmadan istifadə;
- göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi;
- göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması;
- göbələklərin spirtli içkilərlə birlikdə istehlakı.
Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.