


BMT Baş katibinin müavini: Dünyanın hər yerində dövlət institutları görünməmiş sınaqlarla üzləşirlər
Bakı, 5 noyabr, AZƏRTAC
Bu gün dünyanın hər yerində dövlət institutları görünməmiş sınaqlarla üzləşirlər. Onlar həm təxirəsalınmaz ehtiyacları qarşılamağa, həm də sürətlə dəyişən gələcəyə hazırlaşmağa çalışırlar. İqlim böhranları, demoqrafik dəyişikliklər, iqtisadi qeyri-sabitlik, sürətli texnoloji inkişaf və onun yaratdığı transformasiyalar kimi bir-biri ilə əlaqəli böhranlar dövlət institutlarının imkanlarını ciddi şəkildə sınağa çəkir.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammitdə çıxış edərkən deyib.
Li Junhua qeyd edib ki, dünyanın müxtəlif yerlərində vətəndaşlar artan mürəkkəblik və məhdud resurslar şəraitində dövlət qurumlarından daha çox gözlənti içərisindədirlər: "Onlar təmsil etdiyiniz institutlardan daha çevik, səmərəli, operativ və etibarlı fəaliyyət gözləyirlər. Vətəndaşlar yalnız mövcud böhranları aradan qaldıran deyil, həm də gələcək riskləri və imkanları əvvəlcədən müəyyənləşdirərək onlara hazırlaşan hökumətlərə ehtiyac duyurlar.
Belə bir şəraitdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində əldə olunan irəliləyişlər hələ də qeyri-bərabərdir. Birləşmiş Millətlər Təşkilatının 2026-cı il üzrə Dayanıqlı İnkişaf Məqsədləri Hesabatında da qeyd olunduğu kimi, 2030-cu il Gündəliyinin həyata keçirilməsi bütün sektorlar və iştirakçılar tərəfindən daha sürətli və məqsədyönlü fəaliyyət tələb edir", - deyə o qeyd edib.