×
A
A
A
Sazlamalar

ABŞ İran neftini daşıyan Hindistanın dənizçilik şəbəkəsinə sanksiya tətbiq edib

Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ-nin Maliyyə Nazirliyi İranın sanksiyalardan yayınaraq neft daşımalarını həyata keçirməsinə kömək etdiyi iddia olunan Hindistan mənşəli dənizçilik şəbəkəsini sanksiya siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin yaydığı açıqlamaya əsasən, İrana qarşı həyata keçirilən “İqtisadi təcridetmə” əməliyyatı çərçivəsində ölkənin sanksiyalardan yayınmaq üçün istifadə etdiyi kölgə donanmasına dəstək göstərən cinayətkar şəbəkə hədəfə alınıb.
Məlumata görə, Suniel Kumar Sharma və həyat yoldaşı Jaspreet Preeti Shahid tərəfindən idarə olunan Hindistan mənşəli şəbəkə sanksiyalara məruz qalan İran neftini daşıyan gəmiləri saxta bayraqlar və dənizçilik sertifikatları ilə təmin edib.
Qeyd olunub ki, şəbəkə tərəfindən saxta gəmi reyestrlərinin və dənizçilik sənədlərinin hazırlanması sanksiyalara məruz qalan gəmilərə beynəlxalq məhdudiyyətlərdən yayınmaq imkanı yaradıb.
Açıqlamada saxta bayraqlar altında fəaliyyət göstərən gəmilərin etibarlı mühafizə və məsuliyyət sığortasına malik olmadığına diqqət çəkilib. Bunun həmin gəmilərin sahil sularında yerləşdiyi ölkələrdə baş verə biləcək insidentlər nəticəsində milyardlarla dollar həcmində iqtisadi zərərə səbəb ola biləcəyi vurğulanıb.
Bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Suniel Kumar Sharma və Jaspreet Preeti Shahid ilə yanaşı, şəbəkə ilə əlaqəli daha iki şəxsi və Hindistanda fəaliyyət göstərən bir sıra şirkəti də sanksiya siyahısına daxil edib.
ABŞ-nin maliyyə naziri Skott Bessent sanksiya qərarını şərh edərkən İrana qarşı iqtisadi təzyiqlərin davam etdiriləcəyini bildirib.
“Dəfələrlə bəyan etdiyimiz kimi, “İqtisadi təcridetmə” əməliyyatı çərçivəsində ya bizimləsiniz, ya da bizə qarşısınız. Sizi harada olmağınızdan asılı olmayaraq izləyirik. İran rejiminə quru, dəniz və ya hava yolu ilə dəstək verməyə davam edənlərə qarşı sanksiyalar tətbiq edəcəyik”, – deyə Bessent vurğulayıb.

Dünya 2026-11-05 10:28:00