×
A
A
A
Sazlamalar

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək

Bakı, 5 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, noyabrın 6-da və 7-də bütün təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş xüsusi dərslər təşkil ediləcək.
Bununla yanaşı, Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi planlaşdırılır.
Tədbirlər çərçivəsində şagird və tələbələrin Zəfər Muzeyinə ekskursiyaları təşkil olunacaq, həmçinin müxtəlif müsabiqə, sərgi, festival, konsert və tamaşalar keçiriləcək.
Eyni zamanda, ildönümünə həsr olunmuş idman yarışlarının, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin təşkili, eləcə də “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” layihəsi çərçivəsində müharibə iştirakçılarının gənclərlə mütəmadi görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Tədbirlərin əsas məqsədi Zəfər tarixinin təhsilalanlar arasında təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin və qazanılmış Zəfərin yaddaşlarda yaşadılmasıdır.

 

Elm və təhsil 2026-11-05 10:00:00