×
A
A
A
Sazlamalar

Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub

Naxçıvan, 4 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında döş qəfəsi cərrahiyyəsi sahəsində mühüm yeniliyə imza atılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında ilk dəfə olaraq 16 yaşlı pasiyentdə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib.
Mövcud klinik vəziyyət və müayinələrin nəticələri əsasında pasiyentə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib. Bir həftəlik stasionar müşahidə və müalicədən sonra pasiyent qənaətbəxş vəziyyətdə evə yazılıb.
Qeyd edək ki, bu əməliyyatın Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında ilk dəfə icra olunması regionda uşaq cərrahiyyəsi və döş qəfəsi cərrahiyyəsinin inkişafı baxımından mühüm hadisədir. Müasir minimal invaziv cərrahiyyə metodlarının tətbiqi pasiyentlərə daha effektiv müalicə imkanlarının yaradılması, cərrahi travmanın azaldılması və sağalma müddətinin qısaldılması istiqamətində əhəmiyyətli addımdır.
Naxçıvanda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müasir tibbi texnologiyaların tətbiqi və mürəkkəb cərrahi müdaxilələrin yerli şəraitdə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Müxbir - Nail Əsgərov

Regionlar 2026-11-05 09:47:00