×
A
A
A
Sazlamalar

MDU-da elmi karyeraya dəstək məqsədilə ödənişsiz məşğələlər təşkil edilir

Mingəçevir, 5 noyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla onlar üçün ödənişsiz ingilis dili dərslərinin başlanması ilə əlaqədar görüş keçirib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə əməkdaşların doktorantura təhsilinə hazırlığı, xarici dil biliklərinin təkmilləşdirilməsi və elmi-tədqiqat fəaliyyətində akademik ingilis dili bacarıqlarının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Rektor iştirakçıların hazırlıq prosesi ilə bağlı fikirlərini və gözləntilərini dinləyib.
Görüş əməkdaşların akademik inkişaf ehtiyaclarının müzakirəsi, hazırlıq imkanları barədə məlumatlandırılması və onların elmi fəaliyyətə marağının dəstəklənməsi baxımından əhəmiyyət daşıyıb. İştirakçılara doktoranturaya qəbul üzrə xarici dil imtahanının formatı, qiymətləndirmə meyarları və əsas tələbləri barədə ətraflı məlumat verilib. Səmərəli hazırlıqla bağlı tövsiyələr səsləndirilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MDU-nun Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçiriləcək ingilis dili dərsləri doktoranturaya hazırlaşan universitet əməkdaşları üçün ödənişsiz olacaq. Məşğələlər doktoranturaya qəbul imtahanına hazırlıqla yanaşı, doktorantura təhsili və elmi-tədqiqat fəaliyyəti üçün zəruri olan akademik ingilis dili bacarıqlarının inkişafına yönəlib.
Təşəbbüs universitet əməkdaşlarının davamlı peşəkar inkişafının dəstəklənməsinə, keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinə və elmi potensialının gücləndirilməsinə xidmət edir.

Müxbir – Vüsalə Cənnətova

Regionlar 2026-11-05 07:22:00