×
A
A
A
Sazlamalar

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Oğuz, 5 noyabr, AZƏRTAC

Oğuzda məktəblilər və gənclər arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş velosiped və kross qaçışı üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Oğuz Rayon Təhsil Sektorunun və Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının təşkilatçılığı ilə keçirilən turnirdə 100-dən çox yeniyetmə və gənc iştirak edib.
Gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq, fiziki fəallığı təşviq etmək və 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaq məqsədi daşıyan idman yarışlarından sonra fərqlənən iştirakçılar təşkilatçı qurumların diplom və medalları, eləcə də müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd olunub ki, belə idman tədbirləri gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam və fəal həyat tərzinə təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Regionlar 2026-11-05 02:44:00