×
A
A
A
Sazlamalar

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Bakı, 4 noyabr, AZƏRTAC

“Dirçəliş” layihəsi Azərbaycanın Qələbəsinə azad edilmiş ərazilərdə quruculuq, bərpa və dirçəliş işləri prizmasından yanaşmağı təklif edir.
Bunu mədəniyyət xadimi, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, layihənin əsas ideyası Qələbənin yalnız tarixi hadisədə deyil, ondan sonra baş verənlərdə də təzahür etməsindən ibarətdir. Bu, dağıdılmış şəhərlərin bərpasında, mədəni irsin dirçəldilməsində, evlərin, yolların və ictimai məkanların tikilməsində, doğma torpaqlara həyatın qayıtmasında özünü göstərir.
“Layihə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması kontekstində xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, “Dirçəliş” Qarabağın bərpasına memarlığı, tikintini, mədəniyyəti və insan əməyini bir araya gətirən genişmiqyaslı milli dirçəliş prosesi kimi yanaşır”, – deyə D.Məmmədov qeyd edib.
O diqqətə çatdırıb ki, layihənin əsas bədii obyektlərini Qarabağın bərpasında iştirak edən inşaatçıların, memarların, mühəndislərin və ustaların əməyini simvolizə edən 14 qırmızı tikinti dəbilqəsi təşkil edir. Burada dəbilqə sadəcə peşəkar qoruyucu vasitə deyil, ölkənin yeni tarixini yaradan insanların bədii obrazı kimi təqdim olunur: “Dəbilqələrin səthində dağıdılmış memarlıq abidələrinin və onların bərpa olunmuş görkəminin təsvirləri yer alır. Beləliklə, tamaşaçı qarşısında dağıntıdan dirçəlişə, itkidən bərpaya, keçmişdən gələcəyə doğru yol açılır. Ekspozisiyanı Qarabağa həsr olunmuş, doğma torpağın tarixi, mədəni və emosional əhəmiyyətini əks etdirən 22 rəsm əsəri tamamlayır”.
Mədəniyyət xadimi vurğulayıb ki, layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (Sustainable Development Goals – SDGs) qlobal gündəliyinə müraciət edərək, iki məqsədi bir araya gətirir: SDG 11 – “Dayanıqlı şəhərlər və yaşayış məntəqələri” və SDG 9 – “Sənayeləşmə, innovasiyalar və infrastruktur”. “Dirçəliş” bədii ifadə vasitəsilə dayanıqlı şəhərsalmanın, şəhər mühitinin bərpasının, infrastrukturun inkişafının və mədəni irsin qorunmasının əhəmiyyətini ön plana çəkir.
“Dirçəliş” Zəfər haqqında müharibə və dağıntı obrazları vasitəsilə deyil, quruculuq yolu ilə bəhs etmək cəhdidir. Bu, inşaatçıların və ustaların əməyi, bərpa edilmiş abidələr və yeni şəhərlər haqqında hekayədir. Dağıntıların yerində həyatın necə yenidən başladığını və incəsənətin milli dirçəlişin dərk edilməsinin bir hissəsinə necə çevrildiyini göstərən tarixdir”, – deyə D.Məmmədov fikrini yekunlaşdırıb.

Müxbir – Günel Əliyeva

Mədəniyyət 2026-11-04 19:39:00