×
A
A
A
Sazlamalar

Şəmkirdə “Zəfər marafonu” keçirilib - qaliblər mükafatlandırılıb

Şəmkir, 4 noyabr, AZƏRTAC

Şəmkirdə 8 Noyabr – Zəfər Gününə həsr olunan ənənəvi “Zəfər marafonu” keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, marafonda “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında idmançılarla yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, ətraf rayonlardan və Bakı şəhərindən gələn könüllülər də daxil olmaqla, 400 nəfər iştirak edib.
Yarışdan öncə çıxışlarda Vətən müharibəsində qazanılmış tarixi Qələbədən söz açılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfərin Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyi və hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyi olduğu diqqətə çatdırılıb.
Marafonda iştirakçılar Şəmkir şəhər Bayraq meydanından Şəhidlər xiyabanınadək məsafəni qət ediblər. Yarışın yekun nəticələrinə əsasən, finiş xəttinə hamıdan tez çatan 3 nəfər kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Marafonda iştirak edən xanımlara və yarışın daimi iştirakçısı, idman müəllimi Məhəmməd Həşimova da xatirə hədiyyələri təqdim edilib.

Müxbir – Vüsalə Cənnətova

Regionlar 2026-11-04 18:55:00