×
A
A
A
Sazlamalar

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir

London, 4 noyabr, AZƏRTAC

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər getdikcə güclənir, iki ölkə arasında strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlir.
Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında Britaniya parlamentinin Lordlar Palatasının üzvü, hazırkı Leyborist hökumətində keçmiş nazir Lord Vajid Xan bildirib.
O, Londonda keçirilən Azərbaycan-Britaniya Siyasət Forumunda iştirakından məmnunluğunu ifadə edib. Lord Vajid Xan son dövrlərdə Britaniya rəsmilərinin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
“Bu yaxınlarda iki nazir Azərbaycana səfər edib. Lord Koaker müdafiə sahəsi üzrə, Lord Sarvar isə ticarət missiyası çərçivəsində Azərbaycanda olub. Ölkələrimiz arasında strateji münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində yeni təkan müşahidə edirik”, – deyə o bildirib.
O, iki ölkə arasında ticarət əlaqələrinin genişləndiyini qeyd edərək Böyük Britaniyanın tarixən Azərbaycana ən çox birbaşa xarici investisiya yatıran ölkələrdən biri olduğunu xatırladıb. Lord Vajid Xan Azərbaycan-Britaniya münasibətlərinin yalnız geosiyasi baxımdan deyil, xalqlar arasında əlaqələr baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Böyük Britaniyada yaşayan Azərbaycan diasporu ölkəmizin inkişafına mühüm töhfələr verir. Müdafiə, ticarət və təhsil sahələrində tərəfdaşlığımızın daha da gücləndirilməsi üçün böyük potensial görürəm”, – deyə o əlavə edib.
Təhsil sahəsində əməkdaşlığa xüsusi toxunan Lord Vajid Xan çoxsaylı azərbaycanlı tələbələrin ali təhsil almaq üçün Böyük Britaniyanı seçdiyini bildirib.
“Mən həmişə təhsilin gücünə inanmışam. Britaniya təhsili beynəlxalq səviyyədə tanınır. Universitetlərimiz arasında əməkdaşlığın inkişafı istiqamətində müsbət müzakirələrin aparıldığını görürəm. Azərbaycanlı tələbələr bakalavr və magistratura təhsili almaq üçün Böyük Britaniyanı seçirlər. Hesab edirəm ki, təhsil ölkələrimiz arasında münasibətlərin gücləndirilməsində çox mühüm vasitədir”, – deyə parlamentari qeyd edib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Siyasət 2026-11-04 18:46:00