×
A
A
A
Sazlamalar

Din xadimlərinin radikalizmlə mübarizə və dini maarifləndirmədə rolu diqqət mərkəzində

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 3-4-də Mingəçevirdə “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkil etdiyi tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşöv dəyişən ictimai münasibətlər və informasiya mühitinin din xadimlərindən yüksək peşəkarlıq, çevik yanaşma və davamlı bilik mübadiləsi tələb etdiyini bildirib. O, dini maarifləndirmənin müasir tələblərə uyğun təşkili, cəmiyyətlə sağlam ünsiyyətin qurulması və milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dini radikalizmlə mübarizədə din xadimlərinin rolundan danışaraq, xüsusilə sosial mediada fəal maarifləndirmə işinin aparılmasının və gənclərin virtual təhlükəsizliyinin qorunmasının əhəmiyyətini qeyd edib.
Digər çıxışlarda da din xadimlərinin fəaliyyətində fərdi yanaşma, mənəvi məsuliyyət və müxtəlif sosial qruplarla dialoqun əhəmiyyətinə diqqət çəkilib, dini maarifləndirmənin rolundan danışılıb.
Seminar-treninq din xadimlərinin peşəkar səriştələrinin artırılması və müasir çağırışlara uyğun fəaliyyətinin təşviqinə dair müzakirələrlə yekunlaşıb.

Cəmiyyət 2026-11-04 18:44:00