×
A
A
A
Sazlamalar

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi”

Bakı, 4 noyabr, AZƏRTAC

Bakı şəhərinin Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və regionun inkişaf perspektivlərini əks etdirən videoçarxlar nümayiş olunub.
Komitənin nümayəndəsi, “Vətən Səsi” qəzetinin baş redaktoru Elşən Əliyev çıxışında məcburi köçkünlərə dövlət qayğısının Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasətin əsas istiqamətlərindən biri olduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərə xüsusi həssaslıq göstərdiyini də vurğulayıb. Qeyd edib ki, şanlı Zəfərin məntiqi davamı olan Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirib. Dövlət keçmiş məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə doğma yurda qayıdışı üçün zəruri tədbirləri həyata keçirir. Hazırda işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən və təhsil alanların sayı 100 min nəfərə yaxındır.
“Dəmir Yumruq” İctimai Birliyinin sədri Əbil Zeynalov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Böyük Qayıdış keçmiş məcburi köçkünlərin doğma yurda fiziki qayıdışı ilə yanaşı, Vətən uğrunda canından keçən şəhidlərə və torpaqlarımızın azadlığı naminə fədakarlıq göstərənlərə ehtiramın təcəssümüdür.
Tədbirdə “Dəmir Yumruq” İctimai Birliyinin Sabunçu filialının sədri Lütfiyyə Baxşəliyeva, İdarə Heyətinin üzvü Amil Məmmədov və Vətən müharibəsi iştirakçısı Nicat Cəlilov da çıxış edərək Zəfər Günü və Böyük Qayıdış Proqramının əhəmiyyətindən danışıblar. Çıxışlarda torpaqlarımızın işğaldan azad edilməsinin, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparılmasının xalqımızda qürur və sevinc hissi yaratdığı, Böyük Qayıdışın milli həmrəyliyin, mədəni-mənəvi dirçəlişin və dövlətimizin iqtisadi-siyasi qüdrətinin təcəssümü olduğu vurğulanıb.
Tədbir çərçivəsində iştirakçılara informativ kitabçalar və broşürlər paylanılıb.

Cəmiyyət 2026-11-04 18:38:00