


Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
Bakı, 4 noyabr, AZƏRTAC
Müasir geosiyasi rəqabətdə klassik mübarizə metodlarından daha çox, hibrid üsullardan istifadə edilir. İdeoloji təhlükəsizlik bu üsulların daim hədəfində olan sahələrdəndir. İdeoloji parçalanma yaratmaq məqsədilə informasiya manipulyasiyalarının aparılması, ictimai rəyi yönləndirmək cəhdləri və bu vasitələrlə təxribatların həyata keçirilməsi müasir geosiyasi reallıqdır. Azərbaycan daim bu kimi cəhdlərlə üzləşir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun fikrincə, Azərbaycanın ideoloji təxribat cəhdlərinin hədəfinə çevrilməsi iki əsas səbəbdən qaynaqlanır.
“Birinci səbəb Azərbaycanın coğrafi mövqeyi və yerləşdiyi bölgədə maraqların toqquşmasıdır. Region və regiondan kənar oyunçuların öz maraqlarını təmin etmək məqsədilə müxtəlif vasitələrdən istifadə etdiyinin şahidi olmuşuq. Bura dezinformasiyaların yayılması, dini-ideoloji müstəvidə müdaxilə cəhdləri, milli kimliyimizin aşınmasına hesablanmış yad kimliklərin daxil edilməsi kimi addımlar daxildir. Azərbaycanın hədəf seçilməsi regiondakı güc balansında ölkəmizin həlledici rolundan qaynaqlanır. Xarici aktorlar bəzən təzyiq xarakterli cəhdlərlə bölgədəki reallıqları dəyişdirməyə çalışırlar.
İkinci səbəb Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsidir. Müstəqil siyasət bir çox hallarda regionda maraqları olan qüvvələr üçün arzuolunmaz olur, çünki bu vəziyyətdə müdaxilə imkanları məhdudlaşır. Ona görə Azərbaycanın ideoloji məkanına müdaxilə cəhdləri ilə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar. Bütün bunlar Azərbaycan üçün ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu deməyə əsas verir. Bu, ilk növbədə, suverenliyin qorunmasının əsas komponentlərindəndir. Çünki ideoloji müdaxilə cəhdlərinin yekun hədəfi Azərbaycanın suverenliyinin praktiki təzahürü hesab edə biləcəyimiz müstəqil siyasi kursudur. Bu təhlükənin qarşısının alınmaması yekunda müstəqil siyasi kursu risk altına atır ki, belə olan halda suverenliyimizə təhdidlər yaranır”, – deyə siyasi şərhçi vurğulayıb.
Ekspertin diqqətə çatdırdığı ən önəmli məqamlardan biri Azərbaycan cəmiyyətində milli və dini müxtəlifliyin mövcudluğudur. O qeyd edib ki, vəhdət təşkil edən müxtəliflik Azərbaycanın ən böyük milli sərvətlərindən biri olmaqla yanaşı, həm də ideoloji müdaxilə cəhdlərinin hədəfinə çevrilir. Bu baxımdan ideoloji təhlükəsizlik milli birliyimizin qorunması deməkdir. İdeoloji müdaxilə cəhdlərini fiziki təhlükədən ayıran və təhlükəli edən tərəfi bir çox hallarda onların öncədən hiss edilməməsi, görünməməsidir. Fiziki təhlükəsizliyin təmin edilməsi məqsədilə bəlli təhdidlərə qarşı mübarizə aparılırsa, ideoloji təhlükəsizliyin təmin edilməsi kompleks yanaşma tələb edir.