


Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir
Bakı, 4 noyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta və xarici işlər naziri Marqus Tsaxnanın da iştirak etdiyi görüşdə ölkələrimiz arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.