


AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Bakıda Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi - “AIREX 2026” işə başlayıb.
AZƏRTAC sərginin media tərəfdaşı kimi tədbirdə öz informasiya dəstəyi ilə təmsil olunur.
Sərginin ilk günündə iş adamları, şirkət nümayəndələri və ictimaiyyət təmsilçiləri AZƏRTAC-ın stendi ilə tanış olublar. Stenddə agentliyin Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və beynəlxalq həyatını əks etdirən informasiya fəaliyyəti, müxtəlif sahələr üzrə hazırladığı xəbər materialları, foto və videoməzmunlar nümayiş etdirilir.
AZƏRTAC media tərəfdaşı olaraq sərgi çərçivəsində keçirilən tədbirlərin, görüşlərin, təqdimatların və müzakirələrin operativ şəkildə işıqlandırılmasını təmin edir. Agentlik, həmçinin ölkənin investisiya imkanlarının, daşınmaz əmlak bazarındakı yeniliklərin və beynəlxalq əməkdaşlıq perspektivlərinin geniş auditoriyaya çatdırılmasına informasiya dəstəyi göstərir.
Qeyd edək ki, noyabrın 6-dək davam edəcək Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi - “AIREX 2026”da Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edir. Tədbirə ümumilikdə 20 min ziyarətçinin qatılacağı gözlənilir.