×
A
A
A
Sazlamalar

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxışında seminarın mövzusunun aktuallığını və cəmiyyətimiz üçün daşıdığı müstəsna əhəmiyyəti diqqətə çatdırıb. O, azərbaycançılıq ideologiyasının xalqımızın milli kimliyinin formalaşmasında, dövlətçilik ənənələrinin möhkəmlənməsində və ictimai həmrəyliyin təmin olunmasında əvəzsiz rol oynadığını vurğulayıb. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının Azərbaycanda yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiya olduğunu deyən akademik G.Baxşəliyeva milli məfkurə olan azərbaycançılığın dahi şəxsiyyətin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemi olduğunu, eyni zamanda, Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətt olduğunu vurğulayıb.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü çıxış edərək Heydər Əliyevin fəaliyyəti dövründə siyasi bir ideologiyaya çevrilən azərbaycançılıq ideologiyasının Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, tarixi keçmişindən qaynaqlandığını deyib. R.Cümşüdlü Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas sütununa çevrildiyini və ölkədə ictimai-siyasi sabitliyin, milli həmrəyliyin bərqərar olmasında həlledici rol oynadığını vurğulayıb.
Sonra Şərqşünaslıq İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Azərbaycançılıq ideologiyasının siyasi, fəlsəfi və ictimai əsasları: ideyadan ideologiyaya doğru” mövzusunda məruzə ilə çıxış edib. E.Mustafayev bildirib ki, azərbaycançılıq ideologiyası Azərbaycan xalqının çoxəsrlik tarixi təcrübəsinin, milli özünüdərkinin, dövlətçilik ənənələrinin və mənəvi-mədəni irsinin məntiqi nəticəsi kimi formalaşıb. Onun mahiyyəti yalnız milli mənsubiyyət hissinin ifadəsi ilə məhdudlaşmır, həm də siyasi dövlətçilik, fəlsəfi dünyagörüşü və ictimai həmrəylik prinsiplərini özündə birləşdirir. Siyasi baxımdan azərbaycançılığın milli suverenliyin, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, vətəndaş birliyinin və milli maraqların qorunmasının ideoloji əsaslarından biri olduğunu deyən məruzəçi qeyd edib ki, fəlsəfi və ictimai baxımdan bu ideologiya milli özünüdərk, tarixi yaddaş, milli və ümumbəşəri dəyərlərin vəhdəti, dünyəvilik, dini-mənəvi irs və humanizm prinsiplərinə əsaslanır. Bundan əlavə, azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid vətəndaşlıq məkanı daxilində birliyini, multikultural dəyərlərin qorunmasını, milli-mənəvi irsin nəsildən-nəslə ötürülməsini və ictimai məsuliyyətin inkişafını nəzərdə tutur.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyası müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayaqlarından biri kimi sistemləşdirilib, milli birlik və həmrəyliyin konseptual əsasları müəyyənləşdiriib. Bununla yanaşı, müasir dövrdə bu ideologiya dövlətçilik, multikulturalizm, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq əməkdaşlıq istiqamətlərində inkişaf etdirilir.

Elm və təhsil 2026-11-04 14:26:00