×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidentinin G20 dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun və geosiyasi əhəmiyyətinin növbəti təsdiqidir

Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanın qlobal siyasi proseslərdə artan rolu, müstəqil xarici siyasət kursu və strateji mövqeyi ölkəmizi dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində saxlayır. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevi dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsi bu reallığın mühüm diplomatik təzahürlərindən biridir.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, həm də qlobal siyasi proseslərə təsir imkanları, diplomatik əlaqələri və beynəlxalq əməkdaşlıq platformalarında iştirakı ilə ölçülür. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan G20-nin üzvü deyil. Buna baxmayaraq, ölkə Prezidentinin ABŞ dövlət başçısının şəxsi dəvəti ilə dünyanın aparıcı iqtisadiyyatlarının liderlərini bir araya gətirən bu mötəbər tədbirdə iştiraka dəvət olunması Azərbaycanın beynəlxalq siyasi çəkisinin artdığını göstərir.
G20 dünya iqtisadiyyatının əsas aktorlarını bir araya gətirən, qlobal iqtisadiyyat, maliyyə sabitliyi, enerji təhlükəsizliyi, beynəlxalq ticarət və geosiyasi məsələlərin müzakirə olunduğu ən mühüm platformalardan biridir. Belə bir platformaya üzv olmayan ölkənin dövlət başçısının dəvət edilməsi həmin ölkənin beynəlxalq proseslərdəki roluna verilən siyasi qiymət kimi dəyərləndirilə bilər.
Azərbaycan bu gün yalnız Cənubi Qafqazın aparıcı dövlətlərindən biri deyil, həm də Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika körpüsüdür. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında ölkəmizin iştirakı, enerji resurslarının beynəlxalq bazarlara çatdırılması və regional təhlükəsizliyə verdiyi töhfə Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bu mənada Donald Trampın dəvəti Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da nəzərə alınan tərəfdaş olduğunu nümayiş etdirir.
Dəvətin əhəmiyyətini Azərbaycan ilə ABŞ arasında münasibətlərin son dövrdə qazandığı yeni məzmun kontekstində də qiymətləndirmək lazımdır. Ötən il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Donald Tramp arasında keçirilən görüş, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun yaradılması və regionda sülh gündəliyinə verilən dəstək ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoydu. Cari il avqustun 8-də iki prezident arasında baş tutan telefon danışığında isə Azərbaycan-ABŞ münasibətlərinin strateji xarakter aldığı xüsusi vurğulandı. Prezident İlham Əliyev G20-yə dəvətə görə Donald Trampa təşəkkürünü bildirərək bunu ABŞ-nin Azərbaycana dost münasibətinin təzahürü kimi qiymətləndirdi. Beləliklə, G20 dəvəti təsadüfi diplomatik jestdən daha geniş məna daşıyır. Bu, iki ölkə arasında siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafının göstəricisidir.
Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri enerji təhlükəsizliyinə verdiyi töhfədir. Ölkəmiz Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər beynəlxalq enerji layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bununla yanaşı, Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların genişləndirilməsi və Şərqlə Qərb arasında ticarət əlaqələrinin gücləndirilməsi Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu daha da artırır. G20 kimi platformada iştirak Azərbaycan üçün bu imkanları beynəlxalq tərəfdaşlara təqdim etmək, yeni investisiyalar cəlb etmək və iqtisadi əməkdaşlığın coğrafiyasını genişləndirmək baxımından əlavə imkanlar yaradır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasında regionda sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən siyasət də mühüm yer tutur. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə edilən razılaşmalar regionun gələcək inkişafı üçün yeni perspektivlər açdı. TRIPP layihəsi isə Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika xəritəsində mövqeyini gücləndirmək potensialına malikdir. Bu proseslər Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında, iqtisadi inteqrasiyanın genişlənməsində və yeni əməkdaşlıq formatlarının formalaşmasında mühüm rol oynadığını göstərir. G20 sammitində iştirak Prezident İlham Əliyevə bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə çatdırmaq üçün əlavə diplomatik imkan verəcək.
G20 sammitində iştirakın Azərbaycan üçün əhəmiyyəti yalnız siyasi nüfuzun artması ilə məhdudlaşmır. Bu platforma həm də konkret iqtisadi nəticələr əldə etmək üçün əlverişli şərait yaradır. Belə ki, sammit çərçivəsində ABŞ və digər aparıcı iqtisadiyyatların nümayəndələri ilə yüksəksəviyyəli görüşlərin keçirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və sənaye sahələrində yeni tərəfdaşlıqların qurulması mümkün olacaq. Eyni zamanda, Azərbaycanın qeyri-neft sektorunun inkişafı, yaşıl enerji potensialının reallaşdırılması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının gücləndirilməsi baxımından da bu iştirak əhəmiyyətlidir. Lakin dəvətin yaratdığı siyasi imkanların real iqtisadi nəticələrə çevrilməsi üçün sammit çərçivəsində aparılacaq danışıqların və sonrakı diplomatik təmasların xüsusi əhəmiyyəti olacaq.
Donald Trampın Prezident İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun mühüm göstəricisidir. Bu dəvət ölkəmizin müstəqil xarici siyasət kursuna, regional və qlobal proseslərdəki mövqeyinə, enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələrə beynəlxalq marağın ifadəsi kimi qiymətləndirilə bilər. Ən mühüm məqam isə Azərbaycanın yalnız qlobal qərarların nəticələrindən təsirlənən dövlət deyil, həmin qərarların müzakirə olunduğu platformalarda öz mövqeyini təqdim etmək imkanı qazanan ölkə olmasıdır. G20 sammitində Prezident İlham Əliyevin iştirakı Azərbaycan diplomatiyası üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin beynəlxalq siyasi və iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edə bilər.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunan diplomatik imkanları konkret siyasi, iqtisadi və strateji nəticələrə çevirməkdir. G20 dəvəti isə bu istiqamətdə mühüm fürsət və ölkəmizin beynəlxalq nüfuzunun növbəti təsdiqidir.

Müəllif: Rabil Kətanov

 

2026-11-04 14:24:00