×
A
A
A
Sazlamalar

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Bakı, 4 noyabr, AZƏRTAC

Göstərdiyimiz uğurlu nəticələrin səbəbi, əlbəttə ki, ilk növbədə məşqlərdən başlayır. Çünki artıq məşq prosesində qarşımıza qoyduğumuz məqsədi dəqiq bilir və bu prinsiplə çalışırıq. Bununla yanaşı, düşünürəm ki, komandanın xarakteri də böyük rol oynayır. Əsas hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Turan” komandasının liberosu Ceyran İmanova CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Maritsa Plovdiv” klubuna 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, rəqibin yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb: “İlk növbədə qeyd edim ki, komandamız təcrübəli oyunçulardan ibarətdir. “Maritsa”nın heyəti daha gənc voleybolçulardan təşkil olunsa da, düşünürəm ki, onlar çox yaxşı oyun nümayiş etdirdilər. Lakin dediyim kimi, həlledici məqamlarda təcrübə öz sözünü dedi. Belə qarşılaşmalarda hansı komanda daha az səhvə yol verirsə, üstünlük də onun tərəfində olur. Düşünürəm ki, setlərin sonlarında daha az səhv etməyimiz və inamlı oyunumuz qələbədə mühüm rol oynadı. Eyni zamanda, məşqçimizin verdiyi göstərişlər də bizə kömək oldu. Çünki o, kənardan oyunu daha yaxşı analiz edir, yol verdiyimiz səhvləri görür və bunları bizə çatdırır”.
Voleybolçu cavab görüşü ilə bağlı gözləntilərini də bölüşüb: “İlk oyunda qazandığımız qələbə artıq bir addım öndə olmağımız deməkdir. 3:0 hesablı qələbə isə cavab qarşılaşmasına daha rahat və inamlı hazırlaşmağımıza imkan yaradır. Bununla belə, növbəti oyuna da tam gücümüzlə hazırlaşacağımıza və yaxşı nəticə göstərəcəyimizə əminəm”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.

Müxbir – Mikayıl Məmmədov

İdman 2026-11-04 14:19:00