


Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur
Bakı, 4 noyabr, AZƏRTAC
Dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, gəlir və xərclərin düzgün uçotunun aparılması istiqamətlərində əvvəlki Rəylərimizdə qeyd edilmiş əksər məsələlər təqdim olunmuş “Büdcə zərfi”ndə tam və ya qismən nəzərə alınıb. Rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr əsasında “Büdcə zərfi”ndə düzəlişlər edilib. Ümumiyyətlə, bildirməliyəm ki, büdcə prosesinin iştirakçıları ilə aparılan konstruktiv müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Büdcə sənədləşməsi ilə bağlı danışan Hesablama Palatasının sədri qeyd edib: “İzahata ilk dəfə olaraq gəlirlər üzrə ortamüddətli dövr üçün hədəf göstəriciləri əlavə edilib. Ortamüddətli xərclər çərçivəsi islahatlarına cəlb edilmiş sektorlar üzrə nəzərdə tutulan tədbir sayı və onların maliyyə təminatı haqqında məlumat verilib. Ortamüddətli dövrdə büdcə siyasəti, ortamüddətli xərclər, bir sıra qanunların layihələri büdcə sənədləşməsinə daxil edilib. İzahatda əvvəlki illərdən fərqli olaraq, fiskal risk anlayışı konkretləşdirilib, beynəlxalq təlimatlara uyğun olaraq, risklərin təsiri və baş vermə ehtimalı qiymətləndirilib. Büdcə sənədləşməsinin təkmilləşməsi istiqamətində atılan addımları müsbət qiymətləndirir, eyni zamanda, bu addımların davam etdirilməsini məqsədəuyğun hesab edirik”.
O bildirib ki, təkmilləşmələr “Büdcə zərfi”ndə qeyri-maliyyə məlumatları, o cümlədən büdcə parametrləri üzrə keyfiyyət göstəricilərinin artırılmasını, məlumatların siyahısının, çeşidinin və keyfiyyətinin yüksəldilməsini əhatə edə bilər.