×
A
A
A
Sazlamalar

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Ağdərə, 4 noyabr, AZƏRTAC

“Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb. Əsas məqsəd vətəndaşların ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinə aksiyası çərçivəsində şəhid və veteran ailələri üçün ExoKQ və EKQ müayinələri, eyni zamanda, rayon ictimaiyyəti üçün ürək sağlamlığı haqqında maarifləndirici tədbir təşkil olunub.
Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacıları və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqada tərəfindən əhaliyə tibbi baxış keçirilib, ExoKQ və EKQ müayinələri aparılıb. Eyni zamanda, qanda şəkərin və ekspres üsulla xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi, yüksək arterial təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova bildirib ki, işğaldan azad olunan ərazilərdə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür tibbi aksiyalar ürək-damar xəstəliklərinin erkən aşkarlanmasına və vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Müxbir - Tahir Ağaməmmədov

Regionlar 2026-11-04 14:18:00