


Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Metro şəbəkəsinin genişləndirilməsi Bakı şəhərinin nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm strategiyadır. Lakin bu prosesdə metro şəbəkəsinin daha çox ərazini əhatə etməsi və müxtəlif istiqamətlər arasında intensiv nəqliyyat əlaqələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
O bildirib ki, Bakı şəhərinin nəqliyyat hərəkətini şərti olaraq iki istiqamətə – şəhərdaxili və şəhərətrafı axınlara bölmək olar. Bu iki istiqamətin metro xətləri vasitəsilə əlaqələndirilməsi sərnişindaşımanın daha səmərəli təşkilinə şərait yarada bilər. Ali və orta təhsil müəssisələrinin, eləcə də bir sıra dövlət qurumlarının əsasən şəhər mərkəzində yerləşməsi bu istiqamətdə sərnişin axınının intensivliyini artırır. Buna görə də metronun ötürücülük qabiliyyətinin yüksəldilməsi və yeni ərazilərin şəbəkəyə cəlb olunması vacibdir.
“Şəhər mərkəzinə yaxın ərazilərdə yerləşən bəzi metro stansiyalarında sərnişin sıxlığı xüsusilə yüksəkdir. “20 Yanvar” və “Koroğlu” stansiyaları buna nümunədir. Bu stansiyalardakı yükün azaldılması üçün metro şəbəkəsinin şəhərətrafı qəsəbələr istiqamətində genişləndirilməsi məqsədəuyğundur. “Koroğlu” stansiyasından Sabunçu, Balaxanı, Ramana, Yeni Suraxanı və Köhnə Suraxanı istiqamətlərində, eləcə də Binəqədi qəsəbəsi və hava limanı istiqamətində yeni nəqliyyat əlaqələrinin yaradılması sərnişin axınının daha düzgün bölüşdürülməsinə kömək edə bilər. Bu, həm də şəhər mərkəzindən asılılığın azalmasına şərait yaradar”, - deyə ekspert qeyd edib.
O vurğulayıb ki, metro şəbəkəsinin genişləndirilməsi vahid və əlaqələndirilmiş yanaşma əsasında həyata keçirilməlidir. Şəhərətrafı ərazilərdə yaşayan əhalinin sayının çoxluğu, həmçinin Xırdalan və Sumqayıt kimi yaxın şəhərlərdən paytaxta gündəlik gediş-gəlişin intensivliyi bu istiqamətdə əlavə nəqliyyat imkanlarının yaradılmasını zəruri edir. Məqsəd sərnişin axınlarının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi, mərkəzi stansiyalardakı sıxlığın azaldılması və şəhər nəqliyyatının funksionallığının artırılması olmalıdır.