


Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər
Gəncə, 4 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Gəncə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyin karyerası” mövzusunda regional tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tələbə və gənclərin karyera planlaması, müasir əmək bazarının tələbləri və peşəkar inkişaf imkanlarına həsr olunan tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov və Gəncə Heydər Əliyev Mərkəzinin fond müdiri Mələk Qurbanova çıxış ediblər. Çıxışlarda gənclərin fərdi və peşəkar inkişafının ölkənin kadr potensialının gücləndirilməsindəki rolu, onların əmək bazarına hazırlanmasının vacibliyi və regionlarda bu istiqamətdə həyata keçirilən maarifləndirici layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, gənclərə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biridir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra ADAU Tələbə Gənclər Təşkilatının sədri Mir Həsən Həsənovun moderatorluğu ilə panel müzakirəsi keçirilib. Paneldə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin İnsan resursları şöbəsinin müdiri Ramin Cəfərov, “Agro Dairy” şirkətinin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanova və “Eden Agro” MMC-nin departament müdiri Anar Qədirov çıxış edərək tələbələrə müasir əmək bazarının tələbləri, karyera imkanları və işə qəbul prosesi ilə bağlı tövsiyələr veriblər.
Tədbirin ikinci hissəsində şəxsi inkişaf və karyera üzrə ekspert, Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxovun təqdimatında təlim keçirilib. Təlimdə CV hazırlanması, süni intellektdən karyera planlamasında istifadə, şəxsi brendin formalaşdırılması və uğurlu işə qəbul üsulları barədə məlumat verilib, real işə qəbul simulyasiyası həyata keçirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, karyera planlaması və əmək bazarına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Müxbir - Elcan Məmmədov