


Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq
Bakı, 3 noyabr, AZƏRTAC
Nəhayət ki, sizin qonağınız olduq və bunun üçün çox xoşbəxtik. Bakı gözəl şəhərdir və burada olmaqdan böyük zövq alırıq.
Bunu jurnalistlərlə söhbətində Tbilisi Kukla Teatrının bədii rəhbəri və prodüseri Leo Qabriadze deyib. O, “Alfred və Violetta” tamaşası ərəfəsində Bakı Beynəlxalq İncəsənət Festivalı – BIAF-2026 çərçivəsində media nümayəndələri ilə görüşüb.
“Teatrımızın tamaşasını Azərbaycan auditoriyasina təqdim etməkdən və sizi sənətimizlə tanış etməkdən məmnunuq. Çox uzun illər əvvəl Bakıda olmuşam və bu müddət ərzində şəhər xeyli dəyişib. Burada bizi çox mehriban qarşıladılar. Dəvətə görə festivala təşəkkürümü bildirmək istəyirəm. Uzun müddətdir Bakıya gəlmək arzusunda idik, lakin müxtəlif səbəblərdən bu, mümkün olmurdu. Bu festival isə arzumuzu gerçəkləşdirdi. Bir daha böyük məmnuniyyətlə gələrdim”, – deyə müsahibimiz vurğulayıb.
AZƏRTAC-ın müxbirinin sualını cavablandıran L.Qabriadze azərbaycanlı həmkarları – Kukla Teatrının nümayəndələri ilə də tanış olmaq istədiyini bildirib.
“Bu sahədə çalışanların hamısı bir ailənin üzvləridir. Müasir dünyada kukla teatrı ilə məşğul olmaq asan iş deyil. Azərbaycanlı həmkarlarıma ən xoş arzularımı çatdırıram”, – deyə L.Qabriadze əlavə edib.