


Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır
Bakı, 3 noyabr, AZƏRTAC
Şübhəsiz ki, BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır. Bakıda müxtəlif enerjilərin və zəngin ruhun şahidi oluram.
Bu sözləri “Qanlı Meri” tamaşasında (quruluşçu rejissor Dmitri Krımov, Təl-Əvivin “Qeşer” teatrı) baş rollardan birini ifa edən aktyor İsrael Demidov jurnalistlərlə söhbətində deyib.
BIAF-2026 çərçivəsində nümayiş olunan tamaşa başlamazdan əvvəl aktyor media nümayəndələri ilə görüşüb.
“Mən gözəl Bakıya ilk dəfə deyil gəlirəm. Ötən il burada “Anna Karenina” tamaşasını təqdim etmişdik (BIAF-2025 çərçivəsində). Həmin tamaşada baş qəhrəmanın həyat yoldaşı Aleksey Karenin rolunu ifa edirdim. O zaman da, indi də burada olmaqdan məmnunam. Bura çox gözəldir”, – deyə aktyor təəssüratlarını bölüşüb.
O, tamaşada mürəkkəb obrazlardan biri olan Kraliça Elizabet rolunu ifa edir. AZƏRTAC-ın müxbirinin kişi aktyorun qadın obrazını canlandırmasının nə dərəcədə çətin olması ilə bağlı sualını cavablandıran müsahibimiz bildirib ki, bu, ilk təcrübəsi deyil.
“Sizə bir sirr açım: mən qadın rolları üzrə mütəxəssisəm. Belə rolları ifa etmək çox maraqlıdır”, – deyə o əlavə edib.