×
A
A
A
Sazlamalar

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Bakı, 3 noyabr, AZƏRTAC

Avropanın mövcud iqtisadi modeli sosial rifaha xələl gətirmədən uzun müddət ərzində yüksək müdafiə xərclərini qarşılamağa hazır deyil. İkinci Dünya müharibəsindən sonra Avropada formalaşmış sosial dövlət modeli ABŞ-nin təhlükəsizlik təminatına arxalanırdı. Xüsusilə də Almaniya nisbətən ucuz olan Rusiya təbii qazını güclü sənaye infrastrukturu və ixrac potensialı ilə birləşdirirdi. Lakin 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi bu modelin zəif tərəflərini üzə çıxardı. Çinin istehsal miqyası və maya dəyəri baxımından üstünlüyü də Avropa sənayesinə rəqabət təzyiqini daha da artırdı.
Bunu "TRENDS Research & Advisory" tədqiqat mərkəzinin Türkiyə üzrə proqramının direktoru Suha Çubukçuoğlu AZƏRTAC-a açıqlamasında deyib.
Onun fikrincə, bütün bunlarla yanaşı, Avropada əhalinin yaşlanma prosesi də müşahidə olunur. Ötən il Avropa İttifaqı əhalisinin 22 faizini 65 və daha yuxarı yaşda olan şəxslər təşkil edib. Pensiya təminatı və səhiyyə xərclərinin artması fonunda bu xərcləri maliyyələşdirməli olan əmək qabiliyyətli gənc əhalinin üzərinə düşən yük getdikcə ağırlaşır. Enerji xərcləri də sənayenin rəqabət qabiliyyətliliyini məhdudlaşdırır. Ötən ilin məlumatlarına əsasən, Avropa İttifaqında enerji tutumlu sənaye sahələri üçün elektrik enerjisinin orta qiyməti ABŞ-dəki müvafiq göstəricidən iki dəfə çox, Çindəkindən isə təxminən 50 faiz yüksəkdir. Bu fərq istehsalın və iş yerlərinin Avropada saxlanılmasını çətinləşdirir, həmçinin kiçik və orta müəssisələrin investisiya imkanlarını məhdudlaşdırır.
“Məsələn, Fransada büdcə kəsiri ÜDM-in 5,1 faizini təşkil edir, dövlət borcu isə 115,7 faizə çatıb. Belə şəraitdə büdcə vəsaitlərinin müdafiə xərcləri, borc üzrə faiz ödənişləri və sosial xərclər arasında bölüşdürülməsi getdikcə çətinləşir. Avropada ümumilikdə müşahidə olunan sosial narazılığı da məhz bu büdcə problemləri və əhalinin həyat səviyyəsinə təsir edən təzyiqlər kontekstində qiymətləndirmək lazımdır. Muzdla çalışan insanların alıcılıq qabiliyyətindən, dövlət xidmətlərinin keyfiyyətindən və pensiya təminatından narahat olan əhali təbəqələri artıq 4,5-5 ildir davam edən Ukraynadakı müharibə kimi uzunmüddətli və nəticəsi əvvəlcədən bəlli olmayan münaqişələrə büdcə vəsaitlərinin ayrılmasına qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi ilə bağlı xərclərin onların üzərinə qoyulmasını şübhə altına alırlar. Dövlət xidmətlərinin keyfiyyətinin aşağı olması, borclanma, bərabərsizlik və məhdud məşğulluq imkanları hökumətlərə olan etimadı sarsıdır. Etirazların səbəbləri ölkələrə və əhali qruplarına görə fərqlənsə də, hökumətlərin prioritetləri ilə vətəndaşların gözləntiləri arasındakı uçurum cəmiyyətləri alternativ yollar axtarmağa sövq edir. Bu narazılığın əsasında neoliberal siyasətin yaratdığı iqtisadi imkanların daralması və siyasi təcrid dayanır”, – deyə müsahibimiz izah edib.
Onun sözlərinə görə, Avropa İttifaqı yalnız müdafiə sahəsinə yatırımları artırmağı deyil, həm də öz sənaye potensialını gücləndirməyi hədəfləyir. "ReArm Europe" və "SAFE" kimi proqramlar çərçivəsində nəzərdə tutulan 800 milyard avroluq müdafiə xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin böyük hissəsi milli büdcələr hesabına borclanma və xərcləmə qaydalarında çevikliyin təmin edilməsi ilə qarşılanır. Beləliklə, maliyyə yükü və dövlət borcunun dayanıqlılığı problemi həllini tapmamış qalır. Almaniya infrastruktur layihələrinə investisiyaların yatırılması və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 12 il müddətinə bölünmüş 500 milyard avroluq fond ayırıb. Bu, Avropanın yalnız təhlükəsizlik xərclərini deyil, həm də infrastruktur sahəsində investisiyaların gecikməsindən yaranan boşluğu aradan qaldırmağa çalışdığını göstərir.
“Yüksək texnologiyalar və sənaye sahəsində, məsələn, Almaniyada "Volkswagen" zavodunun müdafiə sənayesi məhsullarının istehsalına yönəldilməsi planlaşdırılır. Şirkətin açıqlamalarına əsasən, gələn il avtomobil istehsalı dayandırılacaq, İsrailin "Rafael" şirkəti ilə əməkdaşlıq və yeni tərəfdaşlıq modeli çərçivəsində zavod hava hücumundan müdafiə sistemləri və komponentlərinin istehsalına hazırlanacaq. Bu cür tədbirlər müəyyən istehsal güclərinin və iş yerlərinin qorunmasına kömək edə bilər. Lakin onların avtomobil sənayesində və ya digər sənaye sahələrində yaranan itkiləri tamamilə kompensasiya edəcəyini düşünmək olmaz. Nə qədər ki, bütün resurslar büdcə kəsirlərinin aradan qaldırılmasına və enerji sektoruna subsidiyaların verilməsinə sərf olunur, Avropa İttifaqının yüksək texnologiyalar və yaşıl keçid sahələrində qlobal rəqabət qabiliyyətini qoruyub saxlaması çətin olacaq”, – deyə S. Çubukçuoğlu bildirib.
Ekspert diqqətə çatdırıb ki, yüksək texnologiyalar və yaşıl transformasiya sahələrində rəqabət qabiliyyətliliyin qorunması da uzunmüddətli maliyyələşdirmə tələb edir. Avropanın transformasiyasını təmin etmək üçün dövlət və özəl sektor hər il əlavə olaraq 750-800 milyard avro investisiya yatırmalıdır. Təhsil, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, elektrik enerjisinin paylanma şəbəkələrinə və enerji saxlama sistemlərinə investisiyaların təxirə salınması qısamüddətli perspektivdə büdcə yükünü azaltsa da, uzunmüddətli perspektivdə istehsal həcminin və məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Yaşıl keçiddən dayanıqlı fayda əldə edilməsi enerjinin əlçatan qiymətə olmasından, zəruri infrastrukturun mövcudluğundan və müəssisələrin dəyişikliklərə uyğunlaşmaq qabiliyyətindən asılıdır.
“Avropanın qarşısında duran əsas vəzifə müdafiə və təhlükəsizlik sahələrinə investisiya yatırmaqla yanaşı, sosial rifah dövlətinin maliyyələşdirilməsini təmin edən istehsal potensialını qoruyub saxlamaqdır. Bunun üçün dövlətlərarası birgə satınalmalar vasitəsilə müdafiə xərclərinin səmərəliliyini artırmaq, özəl investisiyaları təşviq etmək və yaşıl keçidin maliyyə yükünü cəmiyyətin üzvləri arasında ədalətli bölüşdürmək lazımdır. Siyasi baxımdan da dövlət xidmətlərinin azalması və gəlirlərin aşağı düşməsi ilə müşayiət olunan müdafiə xərclərinə uzunmüddətli ictimai dəstəyin təmin olunacağına güvənmək çətindir. Avropanın rəqabət qabiliyyətliliyi, eləcə də müdafiə potensialı ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır”, – deyə o, fikrini yekunlaşdırıb.


Müxbir- Leyla Muradzadə

2026-11-03 19:46:00