×
A
A
A
Sazlamalar

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Bakı, 3 noyabr, AZƏRTAC

Bu gün parlamentdə müzakirə olunan qanun layihələri sırasında Azərbaycan ilə Özbəkistan qardaşlığının, tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən çox mühüm sənədlər yer alıb. Müasir dünyada geosiyasi gərginliklərin, yeni çağırışların və beynəlxalq sistemin dəyişilməsi fonunda tarixi bağları, ortaq dəyərləri, qarşılıqlı etimadı qorumaq vacib əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.
Azərbaycan-Özbəkistan münasibətlərinin çoxəsrlik tarixinə diqqət çəkən deputat bildirib: “Orta əsrlərdə böyük Əlişir Nəvainin dahi Nizami Gəncəvi irsinə bağlılığı, ötən yüzillikdə məşhur şairlərimiz Mirvarid Dilbazi ilə Zülfiyyənin səmimi dostluğu, repressiya dönəminin qurbanları olmuş görkəmli yazıçılarımız Hüseyn Cavid və Əbdürrauf Fitrət yaradıcılığı arasındakı mənəvi yaxınlıq xalqlarımızın müxtəlif dövrlərdəki əlaqələrini nümayiş etdirir. Ona görə də keçmişimizə hörmətlə yanaşdığımız kimi, Azərbaycan-Özbəkistan qardaşlığını da əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq”.
Günay Əfəndiyeva etibarlılıq, güvən, mövqeyində qətiyyətliliyi Azərbaycanın xarici siyasətinin ana xəttini təşkil edən başlıca dəyərlər kimi qiymətləndirib: “Bu prinsiplər ilə əsrlərin sınaqlarına qalib gələn münasibətlərimiz müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birgə siyasi iradəsi nəticəsində üst səviyyəyə çatdırılıb. Azərbaycan Prezidentinin cari il avqustun 23-də Daşkənddə Özbəkistan Prezidenti ilə imzaladığı “Əbədi dostluq haqqında Müqavilə” tarixi-mədəni yaddaşımızda yaşatdığımız qardaşlıq duyğularını dövlətlərarası miqyasda güclü şəkildə əks etdirir”.
Milli Məclisin deputat bildirib ki, ölkələrimizin parlamentlərinin mövcud dostluq əlaqələri uğurla davam etdirilir. Bu kontekstdə keçən il Xivə şəhərində gerçəkləşdirilən Birinci Özbəkistan–Azərbaycan parlamentlərarası Forumu yeni ənənənin əsasını qoyaraq qanunverici orqanlarımız arasında əməkdaşlıq ruhunu daha da qüvvətləndirir.

2026-11-03 19:02:00