


Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY
Bakı, 3 noyabr, AZƏRTAC
Müasir jurnalistika təhsili yalnız nəzəri biliklərin mənimsənilməsi ilə məhdudlaşmamalı, tələbələrə xəbər redaksiyalarının gündəlik fəaliyyətində zəruri olan praktik, rəqəmsal və analitik bacarıqlar aşılamalıdır. Bu baxımdan universitetlərlə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, mentorluq proqramlarının və davamlı peşəkar təcrübə imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında media və kommunikasiya üzrə ekspert Günel Əhmədova deyib.
G.Əhmədovanın sözlərinə görə, xəbər yazmaq, müsahibə aparmaq, araşdırma aparmaq və etik prinsiplərə riayət etmək jurnalistikanın fundamental bacarıqları olaraq qalır. Bununla yanaşı, müasir jurnalist multimedia məzmununun hazırlanması, məlumatların təhlili, rəqəmsal mühitdə xəbərlərin doğrulanması, auditoriya ilə effektiv kommunikasiya və süni intellekt alətlərindən məsuliyyətli istifadə sahələrində də səriştəli olmalıdır.
O qeyd edib ki, jurnalistika tələbələrinin real redaksiya mühitinə hazırlanmasının effektiv yollarından biri universitetlərdə tələbə xəbər otaqlarının yaradılmasıdır. Belə platformalar tələbələrə müstəqil reportajlar hazırlamaq, müsahibələr götürmək, məlumatları yoxlamaq, redaksiya müddətlərinə əməl etmək və real iş şəraitində materiallar dərc etmək imkanı yarada bilər.
Ekspert vurğulayıb ki, jurnalistika təhsilində inteqrasiya olunmuş praktik tapşırıqlara da üstünlük verilməlidir: “Məsələn, tələbələrdən konkret ekoloji problem barədə məlumat toplamaq, mütəxəssislərlə müsahibələr aparmaq, əldə olunan məlumatları təhlil etmək, yazılı məqalə hazırlamaq, həmçinin mövzuya uyğun video və ya audiomaterial yaratmaq tələb oluna bilər. Bu yanaşma müxtəlif peşə bacarıqlarının vahid iş prosesi çərçivəsində inkişafına şərait yaradır”.
G.Əhmədova süni intellekt savadlılığının müasir jurnalistika təhsilinin prioritet istiqamətlərindən birinə çevrilməli olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, tələbələr süni intellekt alətlərindən səmərəli istifadə etməyi öyrənməklə yanaşı, bu texnologiyaların yaratdığı riskləri, o cümlədən yanlış məlumatların yayılması, müəllif hüquqlarının qorunması və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı problemləri də anlamalıdırlar.
“Süni intellekt jurnalistin müstəqil reportaj hazırlamaq, faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyalarını əvəz etməməli, əksinə, bu proseslərə dəstək göstərməlidir”, – deyə ekspert bildirib.
O əlavə edib ki, jurnalistika təhsilində qiymətləndirmə mexanizmləri də müasir tələblərə uyğunlaşdırılmalıdır. Ənənəvi imtahanlarla yanaşı, tələbələrin peşəkar portfolioları, xəbər hazırlamaq və faktları yoxlamaq üzrə praktiki tapşırıqları, eləcə də media qurumlarının rəyləri onların peşəkar hazırlıq səviyyəsinin müəyyənləşdirilməsində nəzərə alınmalıdır.
Ekspertin fikrincə, akademik biliklərin mentorların rəhbərliyi ilə həyata keçirilən davamlı peşəkar təcrübə proqramları ilə birləşdirilməsi gələcək jurnalistlərin hazırlanmasında mühüm rol oynayır. Bu model məzunların hadisələri dəqiq işıqlandırmaq, məlumatları tənqidi qiymətləndirmək, etik prinsipləri qorumaq və texnoloji yeniliklərə uyğunlaşmaq bacarıqlarını inkişaf etdirə bilər.
G.Əhmədova qeyd edib ki, universitet təhsili ilə xəbər redaksiyalarının real ehtiyacları arasında əlaqənin gücləndirilməsi daha hazırlıqlı, çevik və məsuliyyətli jurnalist nəslinin formalaşmasına xidmət edəcək.
Müxbir – Pərvanə Qafarova