


Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib
Bakı, 3 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yaddaşı: qəhrəmanlıq, qürur və milli kimlik” mövzusunda elmi-mədəni tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor İnstitutu “Folklor” studiyasının hazırladığı “44 günün Zəfər dastanı” sənədli filmi nümayiş olunub. Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudovu və Qarabağ qazisi Süleyman Heydərovun timsalında Vətən uğrunda döyüşmüş insanlara ehtiramını ifadə edib. Hikmət Quliyev Zəfər Gününün Azərbaycan dövlətçiliyi və xalqımızın tarixi yaddaşı baxımından əhəmiyyətinə toxunaraq bildirib ki, 2020-ci ildə qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən mühüm tarixi hadisədir. Bu Qələbə, eyni zamanda, təxminən otuz il davam edən işğalın xalqımızın ictimai şüurunda və milli yaddaşında yaratdığı ağır mənəvi yükün aradan qaldırılması baxımından yeni mərhələnin başlanğıcı olub.
İnstitut direktoru xatırladıb ki, tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin, məqsədyönlü hərbi-siyasi strategiyanın, Azərbaycan Ordusunun peşəkarlığının və xalq-dövlət birliyinin məntiqi nəticəsidir. Bu Qələbənin təməlində şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı və hərbi qulluqçuların döyüş əzmi dayanır. İnstitut direktoru vurğulayıb ki, Zəfərdən sonrakı dövrdə milli maraqların qorunması, tarixi yaddaşın yaşadılması, informasiya və ideoloji müstəvidə baş verən proseslərə ayıq-sayıq münasibət göstərilməsi xüsusi aktuallıq kəsb edir. Şəhidlərin xatirəsinə ehtiram yalnız anım mərasimlərində deyil, elmi araşdırmalarda, ictimai düşüncədə və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında da yaşadılmalıdır.
Daha sonra Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov qarşılaşdığı çətinlikləri və döyüş yoldaşları ilə bağlı xatirələrini bölüşüb. Çıxışında müharibə zamanı şəhid olmuş silahdaşlarını da yad edən Cavid Behbudov tarixi Qələbənin əldə olunmasında ən böyük payın şəhidlərə məxsus olduğunu bildirib.
Tədbirdə Qarabağ qazisi Süleyman Heydərov da çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixindəki yeri və milli qürurun bərpasındakı rolundan danışıb. O, tarixi Qələbənin yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də xalqımızın özünəinamının və milli qürurunun bərpası baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb. Qələbənin əldə olunmasında hərbi güclə yanaşı, dövlətin ardıcıl diplomatik fəaliyyətinin və xalq-dövlət birliyinin də mühüm rol oynadığını qeyd edən Süleyman Heydərov Prezident İlham Əliyevin beynəlxalq müstəvidə həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O, müharibə dövründə cəmiyyətin müxtəlif təbəqələrinin – yaşlıların, gənclərin və məktəblilərin dövlət və ordu ətrafında birləşməsini milli həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirib. Süleyman Heydərov, həmçinin hərbi xidmətindən və ixtisasından bəhs edərək partlayıcı maddələrin və qurğuların zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərdiyini bildirib. Müharibədənsonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükələrin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Ağdam rayonunda xidməti fəaliyyəti zamanı mina partlayışı nəticəsində görmə qabiliyyətini və bədəninin bir hissəsini itirdiyini qeyd edib.
Daha sonra şəhid mayor Vüsal Vəliyevin qardaşı, Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev çıxış edərək qardaşının həyat və hərbi xidmət yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb. Tədbirdə, həmçinin Folklor İnstitutunun əməkdaşları – Atəş Əhmədli, Ləman Süleymanova, İlhamə Qəsəbova və “Folklor” studiyasının rəhbəri Mahir Ordubadi çıxış ediblər. Onlar Zəfər Gününün tarixi yaddaşımızdakı yeri, Vətən müharibəsinin Azərbaycan cəmiyyətində yaratdığı dəyişikliklər və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.