


Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycanın qış turizm infrastrukturu və peşəkar xidmət imkanları ölkəmizin rəqabətqabiliyyətliliyi və cəlbediciliyi baxımından müvafiq standartlara cavab verir. Eyni zamanda, ölkəmizdə təqdim olunan turizm xidmətlərinin qiymətləri qlobal qış turizmi bazarı ilə müqayisədə daha münasib və sərfəlidir. Müxtəlif turist seqmentlərinə uyğun təklif və xidmətlərin mövcudluğu da bu sahənin inkişafına müsbət təsir göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.
O diqqətə çatdırıb ki, ölkəmiz qış turizminin gələcək inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır. “Çünki turizmin yalnız mövsümi xarakter daşımaması, ilboyu xidmətlərin təqdim edilməsi baxımından qış turizmi mühüm əhəmiyyətə malikdir. Azərbaycanın qış turizminin inkişaf potensialını yüksək qiymətləndirirəm. Hazırda ölkəmizdə fəaliyyət göstərən bir sıra qış-yay idman və istirahət kompleksləri yüksəksəviyyəli infrastruktura malikdir. Qış mövsümündə Qusarın Şahdağ və Qəbələnin Tufandağ turizm kompleksləri turistlərin böyük marağına səbəb olur. Son illərdə Şahdağ kompleksində beynəlxalq qış idman yarışlarının keçirilməsi də bu sahənin peşəkar səviyyədə inkişaf etdiyini göstərir”, - deyə o əlavə edib.
Turizm eksperti xarici turistlərin ölkəmizə səfər etməsinin turizm sektorunda genişmiqyaslı işlərin nəticəsi olduğunu deyib: “Xüsusilə qış mövsümündə turist axınının artması birbaşa təqdim etdiyimiz xidmətlərin keyfiyyətindən və əlçatanlığından asılıdır. Aviabiletlərin və nəqliyyat-logistika xidmətlərinin qiymətlərinin uyğun və sərfəli olması xarici turistlərin ölkəmizə səfərlərinə ciddi təsir göstərə bilər. Sevindirici haldır ki, artıq qış-yay turizm komplekslərimizdə qış mövsümündə müxtəlif festivallar, tədbirlər və idman yarışları keçirilir. Bu tədbirlər həm yerli, həm də xarici turistlərin maraq dairəsindədir. Hesab edirəm ki, belə festivallar ənənəvi xarakter almalı və müəyyən turizm brendi kimi formalaşdırılmalıdır. Bu, xarici turistlərin tədbirlərin keçirildiyi tarixlərə uyğun olaraq səfərlərini əvvəlcədən planlaşdırmasına imkan verər”.
Müxbir – Fidan Əlizadə