×
A
A
A
Sazlamalar

Əziz Şiriyev: Qış mövsümünə uyğun festivallarla bölgələrə daha çox turist cəlb etmək olar

Bakı, 3 noyabr, AZƏRTAC
Regionlarımızda qış turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkəmizdə Şahdağ və Tufandağ kimi qış turizm mərkəzləri fəaliyyət göstərir. Bu ərazilərdə, eləcə də yaxın bölgələrdə qış festivallarının keçirilməsi məqsədəuyğundur. Belə tədbirlər yalnız turizm mərkəzlərini deyil, ətraf rayonları da əhatə etməli, daha geniş turizm marşrutlarının formalaşmasına töhfə verməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
O bildirib ki, hər il Bakıda olduğu kimi, regionlarımızda da müxtəlif festivallar keçirilir. Rayonlarımızın özünəməxsus xüsusiyyətləri və fərqləndirici məhsulları var. Həmin məhsullara həsr olunan festivalların mövsümə uyğun təşkili olduqca müsbət hadisədir və turistlərin marağına səbəb olur. Eyni yanaşmanı qış turizmində də tətbiq etmək, qış mövsümünə və qar şəraitinə uyğun müxtəlif festivallar təşkil etmək vacibdir.
“Düşünürəm ki, bu cür tədbirlərin daha maraqlı və cəlbedici təşkili mümkündür. Bunun üçün festivallar barədə əvvəlcədən geniş reklam və təşviqat işləri aparılmalı, xüsusilə sosial şəbəkələrdə təbliğata diqqət artırılmalıdır. Beləliklə, bayram əhvali-ruhiyyəsi ilə zəngin tədbirlər və xüsusi turizm turları vasitəsilə bölgələrə daha çox turist cəlb etmək olar”, - deyə o qeyd edib.

 

Turizm 2026-11-03 18:07:00