


Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq
Bakı, 3 noyabr, AZƏRTAC
Qarşıdan gələn qış mövsümünün Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacağını düşünürəm. Son illərdə ölkəmizdə qış turizminin inkişafı istiqamətində ciddi irəliləyişlər müşahidə olunur və bu sahə artıq turizm sektorunun mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə Şahdağ və Tufandağ turizm mərkəzlərinin xidmət imkanlarının genişlənməsi, infrastrukturun yenilənməsi və yeni istirahət imkanlarının yaradılması turist marağını artırır. Statistik göstəricilərə əsasən, 2025-ci il ərzində Şahdağ Turizm Mərkəzini 300 minə yaxın turist ziyarət edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev deyib.
O qeyd edib ki, həmin müddətdə mərkəzin hotellərində gecələyən turistlərin sayı 10 faiz artıb. “Bu rəqəmlər qış turizminə marağın artdığını və Azərbaycanın regional turizm bazarında mövqeyinin möhkəmləndiyini göstərir. Əvvəlki illərlə müqayisədə qış turizmi artıq yalnız xizək idmanı ilə məhdudlaşmır, ailəvi istirahət, əyləncə, sağlamlıq və təbiət turizmi imkanlarını da əhatə edir. Digər mühüm məqam isə regionlarda hotel və digər yerləşmə obyektlərinin sayının artmasıdır. Yerləşmə imkanlarının genişlənməsi bazarda rəqabəti gücləndirir, turistlərə daha çox seçim verir və qiymətlərin sabitləşməsinə, xüsusilə mövsümdənkənar dövrlərdə daha əlçatan olmasına şərait yaradır. Əlbəttə, bayram günlərində və yüksək tələbat dövründə qiymət artımları mümkündür, lakin xidmət təklifinin genişlənməsi bu artımların qarşısını müəyyən qədər ala bilər”,- deyə turizm eksperti əlavə edib.
Rəhman Quliyev qarşıdakı mövsümdə, xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan və Yaxın Şərq ölkələrindən gələn qonaqların sayının artırılması istiqamətində daha fəal tanıtım işləri aparılmasının vacib olduğunu deyib: “Eyni zamanda, süni qar sistemlərinin, kanat yollarının, xizək traslarının və əlavə əyləncə infrastrukturunun inkişafı mövsümün davamlılığı baxımından böyük əhəmiyyət daşıyır. Qış turizminin inkişafı regionlarda yeni iş yerlərinin açılmasına, kiçik və orta sahibkarlığın canlanmasına da müsbət təsir göstərir. Hesab edirəm ki, qarşıdakı illərdə Şahdağ və Tufandağla yanaşı, digər dağlıq ərazilərimizin də turizm potensialından daha səmərəli istifadə ediləcək. Əsas hədəfimiz Azərbaycanı yalnız mövsümi deyil, ilboyu cəlbedici turizm istiqamətinə çevirmək olmalıdır. Bütün bu amillər qış turizminin əvvəlki illərlə müqayisədə daha rəqabətli, əlçatan və iqtisadi baxımdan səmərəli inkişaf edəcəyinə əsas verir”.
Müxbir – Fidan Əlizadə