


“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib
Bakı, 2 noyabr, AZƏRTAC
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elan olunan müsabiqədə 14-17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda dövrümüzün yeni qəhrəman obrazını yaratmağa dəvət olunublar.
Ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 31 əsəri nəzərdən keçirərək üç qalibi müəyyənləşdirib. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbəsi, 16 yaşlı Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri – 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutublar.
Münsiflər heyəti, həmçinin beş iştirakçını həvəsləndirici mükafatlarla təltif edib.
Münsiflər heyətinin sədri, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov müsabiqənin nəticələrini şərh edərək bildirib:
“Məktəblilər çağırışımıza səs verərək bizi yaxşı mənada təəccübləndirdilər. Təsəvvür edin ki, qalib işlərdən birində superqəhrəman bir kitabdır, digərində ixtiraçıdır, başqa birində isə Odlar Yurdunun sönməz odunu şərə qarşı istifadə edən qorxmaz və xeyirxah gəncdir. Qlobal mədəniyyətdə komikslər supergücü daha çox fiziki üstünlükdə görərkən, azərbaycanlı məktəblilər onu bilikdə, yenilikdə, zəngin təxəyyüldə və empatiya qurmaq bacarığında görürlər. Bu, müasir Azərbaycan gəncinin əksidir”.
Münsiflər heyətinin digər üzvü, müstəqil ekspert, “Plastilin Media” şirkətinin yaradıcı prodüseri Oqtay Yusubov təqdim olunan işlərin sayını təqdirəlayiq hesab edib:
“Bu növ müsabiqənin Azərbaycan üçün bir yenilik olduğunu nəzərə alaraq, iştirakçıların sayı, eləcə də təqdim etdikləri mövzuların və üslubların müxtəlifliyi alqışlanmalıdır. Ümid edirəm ki, ilk qaliblər ölkədə bu populyar janrda yaradıcılığa marağı artıracaqlar”.
Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyətinin yeni mərhələyə qədəm qoyması mədəni mühitdə qəhrəmanlıq anlayışının da yenidən dərk edilməsini zəruri edir. Yeni milli mədəni obrazların yaradılması gənc nəslin tarixi Zəfərimizi dərindən anlaması, onu öz dili və yaradıcılığı ilə ifadə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.