


Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir
London, 2 noyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti miqrantların ölkədə daimi yaşayış icazəsi alması qaydalarına ciddi dəyişikliklər etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, yeni təkliflərə əsasən, bəzi miqrantlar daimi yaşayış hüququ əldə etmək üçün 30 ilə qədər gözləməli olacaqlar. Bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, yeni sistemdə daimi yaşayış icazəsinin verilməsi müddəti miqrantların gəlirlərindən, peşələrindən, ölkəyə giriş yollarından və immiqrasiya qaydalarına riayət etmələrindən asılı olacaq.
Təkliflərə əsasən, illik gəliri 125 min 141 funt-sterlinqdən çox olan şəxslər, həmçinin “Global Talent” və “Innovator Founder” vizaları ilə ölkəyə gələn yüksəkixtisaslı mütəxəssislər üç ildən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər. İllik gəliri 50 min 271 funt sterlinqdən çox olan şəxslər, həkimlər, tibb bacıları və müəllimlər kimi dövlət xidmətlərində çalışan ixtisaslı mütəxəssislər, eləcə də təhlükəsiz və qanuni yollarla ölkəyə gələn qaçqınlar üçün bu müddət beş il olacaq.
Digər miqrantlar, o cümlədən illik gəliri 50 min funt sterlinqdən az olan şəxslər üçün daimi yaşayış icazəsi almaq məqsədilə tələb olunan standart müddətin 10 ilə qədər artırılması nəzərdə tutulur. İşləməyə və ya təhsil almağa başlayan qaçqınlar da müəyyən hallarda bu kateqoriyaya şamil ediləcək.
İmmiqrasiya qaydalarını pozan və ya müəyyən sosial müavinətlərdən istifadə edən şəxslər üçün gözləmə müddəti 20 ilə qədər uzadıla bilər. Kiçik qayıqlarla Britaniyaya qanunsuz daxil olan, lakin sonradan işləməyə və ya təhsil almağa başlayan qaçqınlar da 20 illik müddətlə üzləşəcəklər.
Kiçik qayıqlarla ölkəyə gələn və işləməyən, yaxud təhsil almayan qaçqınlar üçün isə bu müddətin 30 il olması təklif edilir.
Şabana Mahmud bildirib ki, hökumət Böyük Britaniyaya təhlükəsiz və qanuni yollarla gələn qaçqınların qəbulunu davam etdirmək niyyətindədir. Bununla yanaşı, qanunsuz miqrasiyanın qarşısını almaq üçün daha sərt qaydaların tətbiqi planlaşdırılır. Nazir qeyd edib ki, yeni qaydalar çərçivəsində daimi yaşayış icazəsi almaq istəyən şəxslər ölkəyə davamlı töhfə verdiklərini sübut etməli olacaqlar. Onlar bu hüququ əldə edənədək müvəqqəti vizalarını uzada biləcəklər.