×
A
A
A
Sazlamalar

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan xalqının əldə etdiyi tarixi Qələbənin ildönümü hər bir vətəndaşın, o cümlədən qəhrəman Ordumuzun igid döyüşçülərinin dərin qürur və fəxarət hissi ilə qeyd etdiyi unudulmaz bayramlardandır.
Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsinin iştirakçısı, qazi Məbud Əhmədov bildirib.
Qazi Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb: “Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Artıq Zəfərimizin altı ili tamam olur. Bu münasibətlə xalqımızı təbrik edirəm. Hər zaman belə gözəl günlərimiz olsun, xalqımıza bayramlar yaraşır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Nə xoş mənə ki, Vətən müharibəsində iştirak etmişəm, qazanılan Zəfərdə mənim də payım olub”.
Məbud Əhmədov dövlətimiz tərəfindən hərbçilərə və qazilərə göstərilən diqqət və qayğıdan da bəhs edib: “Qazilərimizə, şəhid ailələrinə diqqət göstərilir. Bu diqqət və qayğını hiss etmək xoşdur. Hər kəsə minnətdarlığımı bildirirəm”.

Cəmiyyət 2026-11-02 21:00:00