×
A
A
A
Sazlamalar

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

London, 2 noyabr, AZƏRTAC

Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu sistemlərinə qarşı həyata keçirilən kiberhücumlardan sonra Böyük Britaniyada pərakəndə satış müəssisələrinə xəbərdarlıq edilib.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi kiberhücumların qarşısını almaq məqsədilə pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq aparıldığını bildirib. Məlumata görə, Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada onlarla supermarket kiberhücumların hədəfinə çevrilib. Bundan bir neçə həftə əvvəl isə Fransada yüzlərlə ərzaq mağazasında oxşar hadisələr qeydə alınıb.
Hakerlər supermarketlərdəki soyuducu sistemlərinə uzaqdan müdaxilə edərək temperaturu artırıblar. Bəzi hallarda temperaturun 80 dərəcəyə qədər yüksəldildiyi bildirilir. Nəticədə böyük həcmdə ərzaq məhsulu xarab olub. Hadisələr ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl kiberhücumlar və digər fövqəladə hallar zamanı mümkün fasilələrə hazır olmaq üçün vətəndaşlara ən azı üçgünlük zəruri ərzaq və digər ehtiyatlar saxlamağı tövsiyə edib. Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq mümkün fövqəladə vəziyyətlər arasında elektrik enerjisinin kəsilməsini və yerli mağazaların kiberhücumlara məruz qalmasını da qeyd edib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2026-11-02 20:42:00