


Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz
Bakı, 2 noyabr, AZƏRTAC
Gənc musiqiçinin peşəkar kimi formalaşmasında ustadlarından aldığı təcrübə, mütəmadi məşq və şəxsi zəhmət böyük əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, tarzən, pedaqoq, professor Vamiq Məmmədəliyev tanınmış kamança ifaçısı Şəhriyar Musayevin solo konsertindən öncə bildirib.
O, Şəhriyar Musayevi gənc musiqiçilər arasında istedadı ilə seçilən sənətçilərdən biri kimi xarakterizə edərək, onun həm yüksək ifaçılıq qabiliyyətinə, həm də nümunəvi əxlaqına görə dərin rəğbət qazandığını vurğulayıb.
V.Məmmədəliyev gənclərin milli musiqiyə marağının artırılması və onların peşəkar kimi yetişməsi üçün ustad-şagird ənənəsinin vacibliyinə toxunub: “Əsas məsələ öyrənmək, müəyyən səviyyəyə çatmaq, yorulmadan çalışmaq və məşq etməkdir. Hər şeydən əvvəl, ustadlardan dərs almaq lazımdır. Çünki ustad görməyən tələbə kamil sənətkar ola bilməz. Bununla yanaşı, insanın daxili potensialı da olmalıdır. Təkcə yaxşı müəllimin olması kifayət etmir, tələbənin özü də böyük zəhmət çəkməlidir. Bu iki amil birləşdikdə isə ortaya mükəmməl nəticə çıxır”.