×
A
A
A
Sazlamalar

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Bakı, 2 noyabr, AZƏRTAC

Bakıda ənənəvi Azərbaycan musiqisi ilə müasir janrları birləşdirən konsert keçirilib. Proqramda xalq və bəstəkar mahnıları, film musiqiləri, həmçinin elektron kompozisiyalar və beynəlxalq remikslər səsləndirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq və respublika müsabiqələrinin laureatı, tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti onun səhnə fəaliyyətinin 19 illiyinə həsr olunub. Konsert Bakı Musiqi Akademiyasının Opera Studiyasında baş tutub.
Gecənin əsas özəlliyi kamançanın ənənəvi ifasının müasir aranjimanlarla uzlaşdırılması olub. Şəhriyar Musayevlə yanaşı, səhnəni Xalq artisti Gülyanaq Məmmədova və xanəndə Mirələm Mirələmov bölüşüblər. Tamaşaçılara Anar Atakişinin iştirakı ilə poetik kompozisiya da təqdim olunub.
Şəhriyar Musayev açıqlamasında konsertin onun üçün xüsusi şəxsi əhəmiyyət daşıdığını bildirib.
“Bu gün həm səhnə fəaliyyətimin 19 ili tamam olur, həm də mənim doğum günümdür — 38 yaşım qeyd edilir. Bu axşam mənim üçün həm də ona görə çox önəmlidir ki, bu il valideynlərimin 70 illik yubileyidir. Böyük bir komanda ilə bu konserti onlardan xəbərsiz hazırlayaraq məhz onlara ithaf etdik.
Konsertin devizi ənənəvi və müasir musiqinin eyni səhnədə qovuşmasıdır. Azərbaycan kamança sənəti mərhum ustadımız Habil Əliyevdən nəsildən-nəslə bizə ötürülüb və biz bu ənənənin davamçılarıyıq. Bu irsi qoruyaraq milli musiqilərimizi, bəstəkar və film mahnılarını, eləcə də bu gün qlobal musiqi sənayesində geniş istifadə olunan beynəlxalq remiksləri və elektron musiqiləri dinləyicilərə təqdim etdik.
Bu konsert Azərbaycan kamança ifaçılığı və solo ifa sənəti üçün yeni bir konsepsiya oldu. Ümid edirik ki, layihəmiz davamlı olacaq”, - deyə ifaçı bildirib.
Onun sözlərinə görə, konsertə hazırlıq prosesi altı ay davam edib. Layihədə musiqiçilər, xoreoqraflar və teatr xadimlərindən ibarət böyük bir heyət yer alıb. Səhnə quruluşunda isə Əməkdar artist, quruluşçu rejissor Bəhruz Vaqifoğlu da yaxından dəstək göstərib.

Müxbir - Lalə Minasazova
Fotoqraf - İlkin Cavanşirov

 

Mədəniyyət 2026-11-02 20:17:00