


Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub
Bakı, 2 noyabr, AZƏRTAC
Milli Kitabxana tərəfindən hazırlanmış “Kitabxana-informasiya fəaliyyətində süni intellektin imkanlarından istifadə” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, kitabxana-informasiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulan metodik vəsaitin əsas məqsədi süni intellektin imkanlarını təqdim etmək, eləcə də kitabxana əməkdaşlarına bu texnologiyalardan praktik istifadə üzrə metodik dəstək göstərməkdir.
Vəsaitdə süni intellektin əsas anlayış və texnologiyaları, kitabxana fəaliyyətində tətbiq istiqamətləri, müxtəlif süni intellekt alətlərindən istifadə imkanları, onların üstünlükləri və məhdudiyyətləri haqqında məlumat verilir.
Nəşrdə süni intellekt vasitəsilə yaradılan məlumatların yoxlanılması, istifadə olunan mənbələrin etibarlılığının qiymətləndirilməsi, müəlliflik hüququnun qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir.
Metodik vəsait kitabxana əməkdaşlarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə, süni intellekt texnologiyalarının kitabxana-informasiya proseslərinə səmərəli inteqrasiyasına və istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.
Metodik vəsait ilə bu linkindən istifadə edərək tanış ola bilərsiniz.