


Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb
Astana, 2 noyabr, AZƏRTAC
Qazaxıstanın Atırau şəhərində ekstremist qrup yaratmaq, ona rəhbərlik və iştirak etmək, eləcə də terrorizmin təşviqi və dini zəmində nifrəti qızışdırmaqda şübhəli bilinən on nəfər saxlanılıb.
AZƏRTAC Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin 10 nəfər oktyabrın 30-da prokurorluq orqanlarının koordinasiyası altında məhkəməyəqədər istintaq çərçivəsində eyni vaxtda saxlanılıb.
Müstəntiqlərin sözlərinə görə, qrup üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirmək məqsədi güdürdülər.
Şübhəlilərin yaşayış yerlərində aparılan axtarışlar zamanı odlu silahlar, narkotik maddələr, dini ləvazimatlar və ədəbiyyat, digər maddi sübutlar müsadirə edilib.
Bundan əlavə, qrup üzvləri tərəfindən yaradılmış uşaqlar və yeniyetmələr üçün üç yeraltı təhsil mərkəzinin fəaliyyəti dayandırılıb. Milli Təhlükəsizlik Komitəsi təqsirləndirilən bəzi şəxslərin əvvəllər terrorizm və adi cinayətlərdə məhkum edildiyini bildirib.