×
A
A
A
Sazlamalar

Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı

Bakı, 2 noyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
İrəvan qalasının ərazisində yerləşən Xan sarayı (Sərdar sarayı) İrəvan hakimlərinin, bəylərbəyinin və xanlarının iqamətgahı olub. İrəvan qalası tikilən vaxtdan mövcud olan saray 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən yenidən inşa etdirilib. Məşhur türk səyyahı Övliya Çələbinin yazdığına görə, 1583-cü ildə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalasını işğal etdikdən sonra Toxmaq xanın sarayını yerlə-yeksan edib.
İrəvan sərdarı Əmirgünə xan Qacar (1605-1625) tərəfindən saray təkmilləşdirilib, 1679-cu il zəlzələsindən sonra yenidən dağılıb, bu dəfə Zal xan (1679-1688) tərəfindən bərpa edilib.
İrəvan qalası Osmanlı qoşunları komandanı Rəcəb Paşa (1725-1728) tərəfindən işğal olunduqdan sonra saray kompleksində xeyli quruculuq və abadlıq işləri həyata keçirilib.
Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyəti dövründə yeni Xan sarayı inşa edilib, 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülü salonunu və yay imarətini də inşa etdirib.
Sərdar sarayı böyük qəbul otağının divarlarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1783-1833), Rüstəm və Söhrabın portretləri həkk edilib. 1827-ci il oktyabrın 1-də rus zabitləri İrəvan qalasının ruslar tərəfindən işğalından bir qədər sonra sarayın Güzgülü salonunda rus yazıçısı Qriboyedovun məşhur “Ağıldan bəla” əsərini onun özünün iştirakı ilə tamaşaya qoyublar.
Rusiya imperatoru I Nikolay “alınmaz qala” kimi şöhrət qazanan İrəvan qalasını görmək arzusu ilə 1837-ci ildə bura gəlib, Xan sarayında gecələyib, xatirə olaraq Güzgülü zalın divarına öz adını yazıb.
Xan sarayında 1860-cı illərdə aparılan bərpa işlərinin bir qismini Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1826-1875) həyata keçirib. İrəvan Xan sarayının Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası Mirzə Qədimə həvalə olunub. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa edib. Görünür, 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirib.
Saray 1913-1918-ci illərdə erməni millətçilərinin təcavüzünə məruz qalıb, dağıdılıb, həmin portretlər 1913-cü ildə çıxarılıb Tiflisə aparılıb və onlardan bir neçəsi hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə isə ermənilər sarayın binasını yerlə-yeksan ediblər.

Elm və təhsil 2026-11-02 12:43:00