


Ağdam Sənaye Parkından dünya bazarına doğru
Bakı, 2 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC xüsusi təyinatlı təhlükəsizlik ayaqqabılarının və poliuretan çəkmələrin istehsalını davam etdirir. Sənaye parkının 2,5 hektar ərazisində fəaliyyət göstərən müəssisədə istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də tədarük edilir. Şirkət mövcud ixrac coğrafiyasını genişləndirmək, Avropa və Şimali Amerika bazarlarında əməkdaşlıq əlaqələri qurmaq istiqamətində fəaliyyətini davam etdirir.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisədə Almaniya istehsalı olan “DESMA” avadanlıqlarından istifadə edilir. İstehsal prosesində ayaqqabının altlığı inyeksiya üsulu ilə birləşdirilir. Bu texnologiya məhsulların möhkəmliyini və etibarlılığını təmin etməyə, onların çətin iş şəraitində istifadəsinə imkan verir. Altlıqların hazırlanmasında istifadə olunan poliuretan xammalı Almaniyanın “BASF” şirkətindən tədarük edilir. Fabrikin illik istehsal gücü 510 min cüt təşkil edir. Bunun 160 min cütü poliuretan çəkmələrin, 350 min cütü isə xüsusi təyinatlı təhlükəsizlik ayaqqabılarının payına düşür.
Müəssisənin istehsal portfelinə müxtəlif təhlükəsizlik tələblərinə uyğun məhsullar daxildir. Poliuretan çəkmələr O4, S4 və S5 təhlükəsizlik sinifləri üzrə istehsal olunur. S4 və S5 modelləri ayaq barmaqlarını zərbələrdən qoruyan xüsusi polad ucluqla təchiz edilib.
Təhlükəsizlik ayaqqabılarının üst hissəsi təbii dəridən, altlığı isə ikiqat poliuretandan hazırlanır. Bu kateqoriyaya daxil olan S1, S1P, S2 və S3 modelləri müxtəlif istehsalat və iş şəraitinin tələblərinə uyğun nəzərdə tutulub.
“BAFCO İnvest” MMC məhsullarını artıq bir sıra xarici bazarlara ixrac edir. Şirkətin ixrac etdiyi ölkələr sırasında Qazaxıstan da yer alır. Bu ölkədə fəaliyyət göstərən üç şirkətlə indiyədək müqavilələr bağlanıb və müxtəlif dövrlərdə məhsul tədarükü həyata keçirilib. Hazırda Qazaxıstandan daxil olan yeni sifarişlər üzrə də əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilir.
Şirkətin ixrac istiqamətlərindən biri də Balkan ölkələridir. Albaniyada fəaliyyət göstərən distributorla bağlanmış müqavilə əsasında ilkin mərhələdə 1200 cüt məhsulun tədarükü nəzərdə tutulub. Sifarişə təbii dəridən hazırlanmış, poliuretan altlıqlı xüsusi təyinatlı ayaqqabılar və poliuretan çəkmələr daxildir. Məhsullar O4 və S5 təhlükəsizlik siniflərinə aiddir və artıq ixraca hazırdır.
Şirkət Kanada bazarına çıxış istiqamətində də konkret addımlar atıb. Kanada şirkəti ilə bağlanmış müqavilə əsasında 3500 cütdən çox poliuretan çəkmə sifariş edilib. Məhsulların növbəti ay ixracı planlaşdırılır.
Bununla yanaşı, İtaliya şirkəti ilə əməkdaşlıq üzrə müqavilə imzalanması prosesi davam edir. Tərəflər arasında ilkin sifarişlər də daxil olub. Noyabr ayında İtaliyaya “Made in Azerbaijan” əmtəə nişanı altında 1200 cüt poliuretan çəkmənin ixracı nəzərdə tutulur.
Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan da müəssisənin istehsal etdiyi məhsullara maraq göstərilir. Şirkət bu ölkələrin bazarlarında əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir.
“BAFCO İnvest” MMC xarici bazarlarda mövqeyini genişləndirmək və məhsullarını beynəlxalq auditoriyaya tanıtmaq məqsədilə ixtisaslaşmış beynəlxalq sərgilərdə də iştirak edir. Belə tədbirlər potensial tərəfdaşlarla birbaşa əlaqələrin qurulmasına və yeni sifarişlərin əldə olunmasına şərait yaradır. İtaliya şirkəti ilə əməkdaşlıq əlaqələrinin əsası Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Big 5 Dubai” sərgisində qoyulub. Qazaxıstanda təşkil olunan sərgidə iştirak isə həmin ölkənin şirkətləri ilə işgüzar əlaqələrin qurulmasına imkan yaradıb.
Müəssisə beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirmək məqsədilə yaxın dövrdə Rusiyanın Moskva, Qazaxıstanın Astana və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək ixtisaslaşmış sərgilərdə iştirak etməyi planlaşdırır.