


“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb
Bakı, 2 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Quba-Xaçmaz bölgəsində təşkil olunan “Mədəniyyət rüzgarı” layihəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində tar və qarmon ixtisaslarına dair ustad dərsləri ilə yekunlaşıb.
Bu barədə AZƏRTAC-a MEMİM-dən məlumat verilib.
Bildirilib ki, tədbirdən əvvəl MEMİM-in sektor müdiri Nicat Həsənzadə və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev ustad dərslərinin musiqi təhsilindəki rolundan danışıblar. Qeyd olunub ki, ustad dərsləri musiqi ifaçılığı ənənələrinin qorunub yaşadılması, bu sahədə yeni yanaşmaların tətbiqi, eləcə də təcrübəli pedaqoqların bilik və bacarıqlarını gənc ifaçılarla bölüşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra N.Həsənzadə MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını Quba şəhər Uşaq İncəsənət Məktəbinə hədiyyə edib.
Tar ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq çalğı alətləri kafedrasının müdiri Ramiz Əzizov, qarmon ixtisası ilə bağlı ustad dərsi isə Bakı şəhər Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının müəllimi Vüsal Qəhrəmanov tərəfindən aparılıb.
R.Əzizov və V.Qəhrəmanov tar və qarmon alətlərində ifa texnikasının xüsusiyyətləri barədə ətraflı məlumat verib, müəllim və şagirdlərlə öz təcrübələrini bölüşərək onlara müvafiq tövsiyələrini çatdırıblar. Ustad dərsləri zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, bəzi məqamlar alətlərin ifası üzərindən əyani icra olunub.
Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsinin budəfəki tədbirləri Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında həyata keçirilib.