×
A
A
A
Sazlamalar

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Ağdam, 1 noyabr, AZƏRTAC
Böyük Qayıdışın Ağdam rayonundakı növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq. Hazırda birinci mərhələ üzrə inşa olunan evlərdə tamamlama işləri görülür. Sosial obyektlərin tikintisi davam etdirilir, kənddaxili yollar asfaltlanır. Bütün bunlar Eyvazxanbəylidə sakinlərin qayıdışı üçün hazırlıq işlərinin davam etdiyini göstərir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, birinci mərhələ üzrə kənddə ümumilikdə 427 fərdi yaşayış evi inşa olunub. Evlər ailələrin tərkibi və ehtiyacları nəzərə alınmaqla 1, 2, 3, 4 və 5 otaqlı olmaqla müxtəlif tip və ölçülərdə layihələndirilib.
Kəndin yenidən qurulması yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Təranə Quliyevanın sözlərinə görə layihə üzrə kənddaxili yolların ümumi uzunluğu 13,9 kilometr təşkil edir. Yaşayış məntəqəsində sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissəsidir. Kənddə 720 şagird yerlik tam orta məktəbin inşası planlaşdırılır ki, bunun 360 yerlik hissəsi birinci mərhələdə, digər 360 yerlik hissəsi isə ikinci mərhələdə həyata keçiriləcək. Bundan əlavə, 120 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati bina tikilir.
Eyvazxanbəyli kəndi üzrə nəzərdə tutulan layihələr gələcəkdə müasir infrastruktura malik, rahat və təhlükəsiz yaşayış məntəqəsinin formalaşdırılmasına xidmət edir.

Müxbir - Tahir Ağaməmmədov

Regionlar 2026-11-01 10:19:00