


Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib
Bakı, 31 oktyabr, AZƏRTAC
“Art Weekend” festivalı geniş məzmunu və əhatə dairəsi ilə seçilir. Burada fərqli sənət yanaşmalarının və yaradıcılıq nümunələrinin təqdim edilməsi incəsənət nümayəndələri arasında fikir və təcrübə mübadiləsinə, eyni zamanda, cəmiyyətin müasir incəsənətə marağının artmasına şərait yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında rəssam Anar Şəmsi deyib.
O, müəllifi olduğu “Barama” əsəri haqqında danışaraq bildirib: “Əsər sığınacaq, yaddaş və irs anlayışlarının metaforası kimi düşünülüb. Burada həssaslıqla sağ qalmaq istəyi və həyatın kövrəkliyini dərk etmək bir-biri ilə əlaqələndirilir”.

Rəssamın sözlərinə görə, əsərin mərkəzində “yoxluq” anlayışı dayanır: “Konkret bir heyvan təsvir etmək əvəzinə, baramanın daxilində təbii materiallar və ətraf mühitin izləri ilə əhatələnmiş boş məkan yaradılıb. Bu boşluq sadəcə fiziki məkan deyil, həm də biomüxtəlifliyin qorunmasının və görünməyən canlı aləmin əhəmiyyətinin metaforasıdır”.
Müxbir - Gülay Nəzərova