


Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH
Bakı, 31 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı azərbaycançılıq ideologiyasının müasir dövrdəki əhəmiyyətini, milli həmrəyliyin dövlətçiliyimizin möhkəmləndirilməsindəki rolunu bir daha gündəmə gətirdi. Dövlət başçısının müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin vahid milli ideya ətrafında birləşməsinə dair fikirləri Azərbaycanın özünəməxsus inkişaf modelinin mühüm xüsusiyyətlərini əks etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, azərbaycançılıq ideyası yalnız milli mənsubiyyət anlayışı deyil, eyni zamanda, ölkədə yaşayan bütün insanların ortaq dövlətçilik maraqları, tarixi yaddaş, milli-mənəvi dəyərlər və gələcək hədəflər ətrafında birləşməsini təmin edən mühüm ideoloji platformadır.
Ekspert qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı məkan olub: “Bu ənənə müasir Azərbaycan dövlətinin siyasətində də öz əksini tapır. Ölkəmizdə etnik və dini müxtəliflik milli birliyə mane olan amil deyil, əksinə, cəmiyyətimizin zənginliyini və gücünü nümayiş etdirən xüsusiyyətdir”.
Aqil Camal vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi diqqət yetirməsi təsadüfi deyil: “Çünki Azərbaycanın müstəqillik tarixində üzləşdiyi ən ciddi sınaqlar zamanı milli həmrəylik həlledici rol oynayıb. Xüsusilə Ermənistanın hərbi təcavüzü və işğalı dövründə, eləcə də 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin vahid amal uğrunda birləşməsi xalqımızın ümumi dövlətçilik iradəsini nümayiş etdirib”.
Onun fikrincə, azərbaycançılıq ideologiyasının əsas gücü məhz bu birləşdirici xüsusiyyətindədir: “Bu ideya insanları etnik mənsubiyyətinə və dini baxışlarına görə fərqləndirmədən, onları Azərbaycan dövlətinə bağlılıq, vətənə sevgi və ümumi gələcəyə məsuliyyət prinsipləri əsasında bir araya gətirir”.
Ekspert bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində milli kimliyin və ideoloji təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir: “Qloballaşma və informasiya müharibələrinin genişləndiyi bir şəraitdə cəmiyyətin öz tarixi köklərinə, dilinə, mədəniyyətinə və mənəvi dəyərlərinə bağlılığı dövlətin dayanıqlılığının mühüm şərtlərindəndir”.
Aqil Camalın sözlərinə görə, bu baxımdan azərbaycançılıq ideyasının gənc nəslə aşılanması xüsusi əhəmiyyət daşıyır: “Gənclər milli tariximizi, dövlətçilik ənənələrimizi, ana dilimizi və mədəni irsimizi dərindən mənimsəməklə yanaşı, müasir dünyanın çağırışlarına da hazır olmalıdırlar. Milli dəyərlərə bağlılıq dünyaya qapalı olmaq deyil, əksinə, öz kimliyini qoruyaraq beynəlxalq məkanda layiqli yer tutmaq deməkdir”.
O qeyd edib ki, Azərbaycan Prezidentinin forumdakı çıxışı ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyini də bir daha nümayiş etdirib: “Azərbaycanın təcrübəsi göstərir ki, fərqli mədəniyyətlərin və dini inancların daşıyıcıları vahid dövlətçilik ideyası ətrafında birləşərək cəmiyyətin inkişafına və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verə bilərlər.
Bu gün azərbaycançılıq ideologiyasının qorunması və inkişaf etdirilməsi yalnız mənəvi məsələ deyil, həm də milli təhlükəsizlik, ictimai sabitlik və müstəqil dövlətçiliyimizin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır. Milli birlik və qarşılıqlı hörmət prinsiplərinin qorunması Azərbaycanın qarşıdakı dövrdə də güclü, sabit və müstəqil dövlət kimi inkişafının əsas şərtlərindən biri olacaq”.