


Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir
Bakı, 31 oktyabr, AZƏRTAC
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı böyük əhəmiyyət daşıyır. Burada bir çox maraqlı məqamlara toxunulur. Ümumiyyətlə, festival çərçivəsində xalçaçılıq sənətinə və Azərbaycan mifologiyasına xüsusi yer ayrılıb, bununla bağlı müxtəlif layihələr təqdim olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar rəssam Rəşad Ələkbərov deyib.
Rəşad Ələkbərov öz əsəri haqqında danışarkən deyib: “Mənim əsərimdə bəbir təsvir olunub. Bu, metaldan hazırlanmış Qafqaz bəbiridir. Əsər bir neçə səviyyəli formadan ibarətdir və elə kəsilib ki, bəbirin təsvirini tam şəkildə görmək mümkün deyil. Onu yalnız qarşısında düz dayananda görmək olur, kənardan isə bəbir görünmür”.

O diqqətə çatdırıb ki, bu sənət platforması müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirməklə yerli və beynəlxalq sənət mühitləri arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə imkan yaradır. Festival Bakının zəngin tarixi-mədəni irsini müasir incəsənətlə birləşdirir, şəhərin müxtəlif məkanlarını sənət platformasına çevirir.
Müxbir - Gülay Nəzərova