×
A
A
A
Sazlamalar

Gennadi Xazanov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 30 oktyabr, AZƏRTAC

Noyabrın 1-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış incəsənət xadimi, Rusiya Federasiyasının Xalq artisti Gennadi Xazanovun “Yaddaş məni bürüyüb” adlı yeni solo gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Bakıya gələn tanınmış sənətkar Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Gennadi Xazanov Azərbaycan musiqisinin korifeyi Müslüm Maqomayevin də məzarını ziyarət edib, xatirəsinə ehtiramını bildirib.
Gennadi Xazanovun “Yaddaş məni bürüyüb” adlı yeni solo gecəsi sadəcə konsert və ya yaradıcılıq məclisi deyil, həm də xatirələr fonunda keçmişə səyahətdir. Tədbir sənətkarın gülməli, təsirli, gözlənilməz və bəzən dərin şəxsi düşüncələrinin təqdimatıdır.
“Yaddaş məni bürüyüb” proqramında Gennadi Xazanov öz həyatından hekayələri — uşaqlıq, gənclik illərini, səhnə və səhnəarxası təəssüratlarını, böyük insanlarla görüşlərini, taleyini dəyişdirən təsadüfi hadisələri, habelə yaddaşında əbədi qalacaq xatirələrini bölüşəcək.
Tamaşaçılar Xazanovun məşhur yumoru, incə özünəinamı, gözlənilməz etirafları və gülüşün düşüncə ilə yanaşı yaşadığı xatirələri, düşündürücü hekayələrlə zəngin gülməli epizodlar ilə tanış olacaqlar.
Gecənin xüsusi hissəsi sənətkarın şəxsi arxivindən unikal videomaterialların nümayişi olacaq. Nadir görüntülər, tamaşaların fraqmentləri, televiziya verilişlərinin kadrları və əvvəllər heç vaxt geniş ictimaiyyətə nümayiş olunmayan anlar tamaşaçılara təkcə tanınmış sənətkarı deyil, həm də canlı, hadisələrlə zəngin ömür sürmüş insanı görməyə kömək edəcək.
“Yaddaş məni bürüyüb” tamaşaçılarla səmimi söhbətdir və keçmiş hekayələri, obrazları və təbəssümlə dolu xatirələri canlandırır. Sənətsevərləri həm gülməli, həm də bəzən kədərli, eyni zamanda maraqlı olacaq axşam gözləyir. Ən əsası, bu görüş səmimi olacaq.

 

Mədəniyyət 2026-10-30 12:47:00